...

Məktəbəqədər təhsil uşağın inkişafına necə təsir edir? - ŞƏRH

Cəmiyyət Materials 27 Oktyabr 2025 10:45 (UTC +04:00)
Məktəbəqədər təhsil uşağın inkişafına necə təsir edir? - ŞƏRH
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Məktəbəqədər təhsil uşağın həyatında mühüm mərhələdir. Bu dövr yalnız məktəbə hazırlıq deyil, eyni zamanda uşağın sosial, emosional, fiziki və intellektual inkişafının təməlini formalaşdırır. İlk illərdə alınan təlim və tərbiyə uşağın gələcək uğurları, öyrənmə bacarığı və şəxsiyyətinin formalaşmasında əhəmiyyətli rol oynayır.

Maraqlıdır, məktəbəqədər təhsilin uşağın inkişafına daha hansı təsirləri var?

Mövzu ilə bağlı Trend-ə danışan təhsil ekspert Elmin Nuri bildirib ki, ümumilikdə götürsək, təhsilin əsas missiyası fərddən şəxsiyyət formalaşdıran bir mexanizm olmasıdır.

Onun sözlərinə görə, bu gün dünya təhsilin özünün bütün məzmun xətləri, nəzəriyyə və metodologiyaları ilə sırf bu funksiyanı həyata keçirmək, azyaşlını şəxsiyyətə yönəlik dəyərlər əsasında cəmiyyət üçün hazırlayır:

"Məktəbəqədər təhsil isə bu prosesin ən vacib tərkib hissəsidir. Çünki insanın şüuraltı və xarakterik olaraq formalaşma mərhələsinin təxminən 70%-lik hissəsi onun 7 yaşına qədərki mərhələdir. Bu səbəbdən də məktəbəqədər təhsil səviyyəsinin üzərindəki öhdəlik, məsuliyyət və missiya düzgün dəyərləndirilməli və həyata keçirilməlidir. Dünya təcrübəsində ayrı-ayrı ölkələr tərəfindən təhsilin bu səviyyəsi adınıçəkdiyimiz meyarlara görə həddindən artıq ciddi qəbul olunur və hər zaman üzərində çox vacib mexanizm kimi yenidən işlənilir. Yaponiya, Almaniya, Böyük Britaniya, ABŞ, Sinqapur, Finlandiya və s. kimi ölkələrdə məktəbəqədər təhsillə bağlı çox vacib proqramlar tətbiq olunur ki, onlar uşağa bütün həyati boyu müxtəlif aspektlərdən yardımçı olur".

"Məsələn, Böyük Britaniya bağçalarında azyaşlılara rol oyunları zamanı, yaxud, hər hansı tapşırığı yerinə yetirərkən mütləq və mütləq hər hansı səhvi etməyi, hansısa yanlışlığa yol verməyi tapşırırlar. Təsəvvür edin, tapşırığın düzgün həlli yox, yanlışlığı tələb olunur. Bu isə ondan ötrüdür ki, uşaq artıq indidən hansısa problemin həlli zamanı səhv etməyi və o səhvdən nəticə çıxararaq problemi perspektivə çevirməyi öyrənsin. Yəni, onu bir növ psixoloji cəhətdən gələcək situasiyalara hazırlayırlar. Baxın, məktəbəqədər təhsilin bu və bunun kimi yüzlərlə müsbət tərəfləri var və hər birisinin də həyati tətbiq elementləri çox böyükdür. Məhz, bu formulları həyata keçirən məktəbəqədər təhsil bizim üçün çox vacibdir. Təəssüflər deməliyik ki, yerli məktəbəqədər təhsil müəssisələri bu cür yanaşmalardan, uşağı gələcək üçün formalaşdırma formullarına çox da yaxın gəlmir. Nə bağçalarımızla bağlı tədris proqramı buna hazırdır, nə də bu proqrama cavab verə biləcək tərbiyəçi-müəllimlər, metodistlərimiz var. Biz hələ indi-indi məktəbəqədər təhsil müəssisələrində diplomsuz kadrları aşkarlayıb işdən uzaqlaşdırırıq. Onları uşaqlar üçün həyati əhəmiyyətli təhsil subyektinə çevirmək üçün isə bizə illər yox, on illər lazım gələcək", - deyə ekspert əlavə edib.

O həmçinin vurğulayıb ki, hazırki müsbət tərəflərinə gəlincə isə, təəssüf ki, bu barədə çox da pozitiv danışa bilməyəcəyəm:

"Hər halda bu, subyektiv yanaşmamdır və ona əsaslanıb deyə bilərəm ki, bizdə məktəbəqədər təhsilin yalnız bir müsbət tərəfi var: uşaqlara müəyyən zaman çərçivəsində nəzarət etməklə onların valideynlərinin işləmək imkanlarını artırmaq. Vəssəlam!".

Məsələ ilə bağlı Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli isə Trend-ə bildirib ki, məktəbəqədər təhsil uşağın gələcək həyatına qoyulan ilk ciddi investisiyadır:

"Biz çox zaman bu mərhələni sadəcə oyun, əyləncə və vaxt keçirmə kimi görürük, amma əslində məhz bu dövr uşağın sosial, emosional və intellektual inkişafının təməlidir. Uşaq məktəbəqədər dövrdə ətraf mühiti dərk etməyi, özünü ifadə etməyi, başqaları ilə münasibət qurmağı, paylaşmağı və qaydalara əməl etməyi öyrənir. Bu, onun gələcəkdə həm məktəb mühitinə, həm də cəmiyyətə uyğunlaşmasını asanlaşdırır

Digər tərəfdən, məktəbəqədər təhsil uşağın idrak bacarıqlarını – düşünmə, müqayisəetmə, səbəb-nəticə əlaqəsini qurma və problem həll etmə vərdişlərini formalaşdırır. Bu mərhələdə öyrənmə prosesi oyunlar üzərindən aparıldığı üçün uşaq bilik əldə etməyi zövq kimi qəbul edir və bu hiss onun təhsilə marağının uzunmüddətli qalmasını təmin edir. Yəni burada söhbət sadəcə hərfləri və rəqəmləri öyrənməkdən getmir, əsas məsələ uşağın öyrənmə motivasiyasını oyatmaqdır".

Onun sözlərinə görə, ən mühüm üstünlüklərdən biri də sosiallaşmadır.

"Evdə tək böyüyən uşaq üçün məktəbəqədər müəssisə həmyaşıdlarla ünsiyyət, əməkdaşlıq, qarşılıqlı hörmət və tolerantlıq kimi dəyərləri formalaşdırır. Bu, sonradan məktəb həyatında adaptasiyanı xeyli asanlaşdırır. Psixoloji baxımdan da uşaq özünəinam, müstəqillik və emosional sabitlik qazanır

Əslində məktəbəqədər təhsilin cəmiyyət üçün də böyük faydası var. Çünki bu sistemdə uşaqlara yalnız bilik deyil, dəyərlər və davranış normaları da aşılanır. Yaxşı qurulmuş məktəbəqədər təhsil sistemi gələcəkdə sosial məsuliyyətli, yaradıcı və empati qabiliyyəti yüksək nəsil yetişdirir. Ona görə də məktəbəqədər mərhələni sadəcə təhsilin başlanğıcı kimi deyil, şəxsiyyətin formalaşma laboratoriyası kimi görmək lazımdır",- deyə Ə.Həsənli əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti