Bakı. Trend:
Oktyabrın 26-da Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda yanğın-xilasetmə idmanı üzrə kişilər arasında XX dünya çempionatına və qadınlar arasında XI dünya çempionatına start verilib.
Trend xəbər verir ki, noyabrın 1-dək davam edəcək yarışlarda Səudiyyə Ərəbistanı ilə yanaşı, Azərbaycan, Bəhreyn, Belarus, Burkina Faso, Bolqarıstan, Kamerun, Çin, Kot-Divuar, Çexiya, BƏƏ, Almaniya, İran, Qətər, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Rusiya, Slovakiya, Tacikistan, Özbəkistan və Avstriyanın komandaları iştirak edir.
Dünya çempionatı yanğınsöndürən və xilasedici peşələrinin tanıdılması, müxtəlif ölkələrin yanğın və xilasetmə xidmətləri vasitəsilə dostluq ənənələrinin möhkəmləndirilməsi, peşəkar idman bacarıqlarının təkmilləşdirilməsi və yanğın-xilasetmə idmanının beynəlxalq səviyyədə daha da inkişafı məqsədilə təşkil olunur.
"Yanğınsöndürənlər və Xilasedicilərin Beynəlxalq İdman Federasiyası" Assosiasiyası (ISFFR), 2001-ci ildə Yanğınsöndürmə və Xilasetmə Xidmətləri rəhbərlərinin 1-ci Beynəlxalq Konfransının qərarı ilə təsis olunub və hazırda 33 ölkədən olan yanğınsöndürənlər və xilasediciləri birləşdirir.
Yanğın-xilasetmə idmanı üzrə ilk çempionat 2002-ci ildə Moskva şəhərində keçirilib.
