Bakı. Trend:
Bakı şəhəri, Sabunçu rayonu, Ə.Məmmədəliyev küçəsində yerləşən, fiziki şəxs Baxşəliyev Rüfət İlqar oğluna məxsus “Mədinə” mərasim evində Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub.
Trend xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, mərasim evinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, emal sahəsində havalandırma sisteminin quraşdırılmadığı, mətbəxdə masaların bir qisminin asan yuyulub təmizlənən materialdan hazırlanmadığı, soyuducuda rəflərin korroziyaya məruz qaldığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi və gigiyenik təlimlərə cəlb edilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən edilib.
Həmçinin mənşəyi məlum olmayan pendir məhsulu aşkarlanıb. Pendir məhsulundan nümunələr götürülərək laborotor müayinələrə cəlb edilib.
Faktla bağlı mərasim evində nöqsanlar aradan qaldırılanadək işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.