Bakı. Trend:
Koreya Respublikası və ABŞ hələlik Amerika tarifləri və 350 milyard dollar dəyərində Cənubi Koreya investisiyaları ilə bağlı razılaşmanın əsas şərtləri üzrə ortaq məxrəcə gələ bilməyiblər.
Trend xəbər verir ki, bu barədə Cənubi Koreya Prezidenti Li Çje Myon “Bloomberg” agentliyinə verdiyi müsahibədə bildirib.
Prezidentin sözlərinə görə, “İnvestisiya metodu, həcmi, mənfəət və zərərin bölgüsü kimi məsələlər danışıqların əsas maneələridir. ABŞ təbii ki, öz maraqlarını maksimum dərəcədə qorumağa çalışır, lakin bu, Koreya Respublikası üçün fəlakətli nəticələrə gətirib çıxarmamalıdır”.
Li Çje Myon əlavə edib ki, danışıqlar davam edir və fikir
ayrılıqları qalmaqdadır:
“Gecikmə həmişə uğursuzluq demək deyil. Mən məqbul nəticəyə nail
olacağımıza inanıram”.
Qeyd edək ki, iyul ayında tərəflər arasında ilkin razılıq əldə edilmişdi. Razılaşmaya əsasən, Vaşinqton Cənubi Koreyanın ABŞ iqtisadiyyatına 350 milyard dollar investisiya yatırması və 100 milyard dollar dəyərində enerji resursları alması müqabilində gömrük rüsumlarını 15 faizədək azaltmağa razı olmuşdu.
