...

“Bakı Ağ Şəhər” layihəsi Londonda “Şəhər Davamlılığında Görkəmli Nailiyyət” mükafatına layiq görülüb (FOTO)

Siyasət Materials 27 Oktyabr 2025 07:58 (UTC +04:00)
“Bakı Ağ Şəhər” layihəsi Londonda “Şəhər Davamlılığında Görkəmli Nailiyyət” mükafatına layiq görülüb (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Bakı Ağ Şəhər” layihəsi 2025-ci ildə Londondakı Vestminster Sarayında (Lordlar Palatası) keçirilən 4-cü Qlobal Davamlılıq Sammitində (GSSA) “İqlimə Davamlı Şəhər Planlaması – Davamlılığın Şəhər İnkişafına və İqtisadi Artım Strategiyalarına İnteqrasiyası” kateqoriyasında “Şəhər Davamlılığında Görkəmli Nailiyyət” (Excellence in Sustainable City Development) mükafatına layiq görülüb.

Trend xəbər verir ki, bu nüfuzlu beynəlxalq sammit daha yaşıl və dayanıqlı gələcək qurmaq məqsədilə qlobal liderləri, siyasətçiləri, sənaye nümayəndələrini və davamlılıq sahəsində pionerləri bir araya gətirib.

Layihəni tədbirdə “Bakı Ağ Şəhər”in davamlı inkişaf üzrə tərəfdaşı olan ARUP (Böyük Britaniya) şirkətinin direktoru cənab Stiven Kuk təqdim edib. O, Azərbaycanın innovativ şəhərsalma təşəbbüsləri və strateji yaşıl layihələri barədə danışaraq, “Bakı Ağ Şəhər”in “Xoşbəxt Şəhər” standartlarına uyğun qiymətləndirilməsi nəticələrini bölüşüb.

Cənab Kuk vurğulayıb ki, “Bakı Ağ Şəhər” yaşıl binaların layihələndirilməsi və tikintisi üzrə ilk təşəbbüslərdən biri olub, burada CRREM (Carbon Risk Real Estate Monitor) qiymətləndirilməsi aparılıb və BREEAM və LEED məsləhətçiləri ilə əməkdaşlıq çərçivəsində enerji dayanıqlığının şəhər inkişafına inteqrasiyası istiqamətində işlər davam etdirilir.

2011-ci il 24 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tərəfindən təməli qoyulan “Bakı Ağ Şəhər” layihəsi artıq ilk onillikdə ölkənin ətraf mühit və şəhərsalma sahəsində beynəlxalq nümunəyə çevrilib.

2024-cü ilin 11–24 noyabr tarixlərində Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP29) zamanı “Bakı Ağ Şəhər” ekoloji cəhətdən tərk edilmiş ərazilərin bərpası və davamlı tikinti texnologiyalarının tətbiqi sahəsində uğurlu model kimi təqdim olunub.

Layihə Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə təsdiqlənmiş “2006–2010-cu illər üçün Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə Kompleks Tədbirlər Planı” çərçivəsində həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti