Bakı. Trend:
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən həkim, Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Trend xəbər verir ki, Sabunçu rayon Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror təqsirləndirlən Azər Maqsudovun 5 il 6 ay müddətə azadlıqdan məhrum edilməsini istəyib.
Daha sonra vəkillər çıxış edib.
Müdafiə tərəfi məhkəmədən Azər Maqsudovun barışıq üçün addım atmadığını qeyd edib. Ona həbs cəzası verilməsini xahiş edib.
Azər Maqsudovun vəkili isə müvəkilinə bəraət verilməsini istəyib.
Təqsirləndirilən Azər Maqsudov son sözlə çıxış edib.
O, bildirib ki, iş üzrə özünü təqsirli bilmədiyini məhkəməyə çatdırıb.
Müşavirədən qayıdan hakim hökmü elan edib.
Hökmə əsasən, təqsirləndirilən şəxs nəqliyyat vasitəsini 4 il müddətə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssiəsində çəkəcək. Həmçinin, məhkəmə qaldırılan mülki iddianı baxılmamış saxlayıb.
Xatırladaq ki, yol qəzası 2023-cü ilin noyabr ayında Sabunçu rayonu ərazisində baş verib.
Azər Maqsudov həmin ayın 15-də saat 23 radələrində Sabunçu rayonu ərazisində idarə etdiyi “Mercedes” markalı avtomobillə qəza törədib. Qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib. A.Maqsudov xəsarət alan A.Acaloğlunu dərhal Sabunçu rayon xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Hadisə nəticəsində ölən Arif Acaloğlu İstanbul Mərmərə Universitetinin müəllimi, türkoloq alim olub. Türkiyədə yaşayan alim Bakıya noyabrın 16-da keçirilən beynəlxalq elmi konfransda iştirak etmək üçün gəlibmiş.