Bakı. Trend:
28 oktyabr 2025-ci il tarixində Bakıda Azərbaycan Respublikası və Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclası keçiriləcək.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, iclasa Azərbaycan tərəfindən Baş nazirin müavini, Komissiyanın həmsədri Samir Şərifov, Belarus tərəfindən isə Baş nazirinin müavini, Komissiyanın həmsədri Natalya Petkeviç rəhbərlik edəcək.
Bildirilib ki, iclasda iki ölkə arasında 2024-2025-ci illəri əhatə edən əməkdaşlıq üzrə Yol Xəritəsinin icrası müzakirə olunacaq. Eyni zamanda sənaye, kənd təsərrüfatı, maşınqayırma, şəhər təsərrüfatı, farmasevtika, peşə təhsili, nəqliyyat-logistika, ticarət və investisiya sahələrində birgə layihələrin icrası imkanları nəzərdən keçiriləcək.
Qeyd edilib ki, 29 oktyabr 2025-ci il tarixində Komissiyanın həmsədrlərinin rəhbərliyi ilə nümayəndə heyətinin Füzuli və Ağdam rayonlarına səfəri planlaşdırılıb. Səfər çərçivəsində bir sıra layihələrə baxış keçiriləcək.
