Bakı. Trend:
“Lukoyl” şirkəti Avropa İttifaqı (Aİ) və ABŞ tərəfindən tətbiq edilən sanksiyalar fonunda xaricdəki aktivlərini satmağı planlaşdırdığını açıqlayıb.
Trend xəbər verir ki, bu barədə şirkətin rəsmi bəyanatında məlumat verilib.
Bəyanatda qeyd olunur: “Bir sıra ölkələr tərəfindən ‘PAO Lukoyl’a və onun törəmə şirkətlərinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edildiyi üçün şirkət beynəlxalq aktivlərinin satışına hazırlaşır. Potensial alıcıların müraciətləri artıq qəbul olunmağa başlanıb.”
Aktivlərin satışı ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi tərəfindən verilmiş fəaliyyətin dayandırılmasına dair lisenziyaya uyğun şəkildə həyata keçiriləcək. Şirkət, zərurət yarandığı təqdirdə, beynəlxalq aktivlərinin fasiləsiz fəaliyyətini təmin etmək üçün bu lisenziyanın müddətinin uzadılması barədə müraciət etməyi planlaşdırır.
Qeyd edək ki, bundan əvvəl ABŞ Maliyyə Nazirliyi “Rosneft” və “Lukoyl” şirkətlərini, eləcə də onlara məxsus 34 törəmə qurumu yeni sanksiya paketinə daxil edib. Oktyabrın ortalarında Böyük Britaniya da “Lukoyl”u sanksiya siyahısına salıb.