Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə fəaliyyət göstərən "STAR" neft emalı zavodu (NEZ) 2025-ci ilin avqust ayında xam neft idxalını və neft məhsulları istehsalını əhəmiyyətli dərəcədə artırıb.
Trend bu barədə Türkiyənin Enerji Bazarının Tənzimlənməsi İdarəsinin (EPDK) məlumatlarına istinadən xəbər verir.
2025-ci ilin avqust ayında zavod təxminən 911,3 min ton xam neft idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə (514,25 min ton) müqayisədə 77,2 faiz çoxdur.
Zavodda istehsalda məhsul kateqoriyalarının əksəriyyəti üzrə artım nümayiş etdirib. Dizel yanacağının istehsalı 522,4 min tona çataraq 2024-cü ilin avqustu ilə (336,4 min ton) müqayisədə 55,3 faiz artıb. Aviasiya kerosininin istehsalı 39,6 faiz artaraq 124,1 min tondan 173,2 min tona yüksəlib, nafta istehsalı isə 53,3 faiz artım göstərərək 2024-cü ilin avqustundakı 86,95 min tonla müqayisədə 133,3 min tona çatıb.
Mayeləşdirilmiş neft qazının (LPG) istehsalı iki dəfədən çox artaraq 121,6 faiz yüksəlib və 2024-cü ilin avqustundakı təxminən 11,25 min tonla müqayisədə 24,9 min tona çatıb. Koks istehsalı 42,1 faiz artaraq 47,46 min tondan 67,4 min tona yüksəlib.
Bundan əlavə, 2025-ci ilin avqust ayında zavod 7,265 min ton vakuum qazoylu və 10,2 min ton yüksək kükürdlü dizel yanacağı istehsal edib – bu məhsullar 2024-cü ilin avqust ayı üzrə statistikada nəzərə alınmamışdı.
Qeyd edək ki, 2018-ci il oktyabrın 19-da fəaliyyətə başlayan “STAR” zavodu neft emalını neft-kimya məhsullarının istehsalı ilə birləşdirir və Türkiyə iqtisadiyyatının real sektorunda ən iri investisiya layihəsi hesab olunur.
2024-cü ilin sonuna olan məlumata əsasən, zavodun illik neft emalı gücü 13 milyon tona çatıb. “STAR” zavodu dizel yanacağı, nafta və aviasiya kerosini də daxil olmaqla geniş çeşiddə neft məhsulları istehsal edir, illik nafta istehsalı isə “Petkim” neft-kimya kompleksinin xammala olan tələbatını demək olar ki, tam şəkildə təmin edir.
