...

Koştanın Bakıya səfəri Azərbaycan-Aİ əməkdaşlığının inkişafına yeni təkan verir - Azər Qarayev

Siyasət Materials 12 Mart 2026 15:57 (UTC +04:00)
Koştanın Bakıya səfəri Azərbaycan-Aİ əməkdaşlığının inkişafına yeni təkan verir - Azər Qarayev
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri Bakı ilə Brüssel arasında münasibətlərin inkişafı baxımından mühüm siyasi hadisədir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşlər keçirilib, tərəflər əvvəlcə təkbətək, daha sonra isə geniş tərkibdə müzakirələr aparıblar. Görüşlər zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında mövcud əməkdaşlıq əlaqələrinin vəziyyəti, iqtisadi və enerji sahəsində tərəfdaşlıq, nəqliyyat layihələri, regional təhlükəsizlik və Cənubi Qafqazda sülh gündəliyi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Səfər həm də Azərbaycan və Avropa İttifaqı arasındakı münasibətlərin inkişafına yeni təkan verir.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

"Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər uzun illərdir müxtəlif istiqamətlər üzrə inkişaf edir. Bu əməkdaşlıq siyasi dialoq, iqtisadi əlaqələr, enerji təhlükəsizliyi və nəqliyyat sahələrini əhatə edir. Son illərdə tərəflər arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin artması isə münasibətlərin daha fəal mərhələyə daxil olduğunu göstərir. Prezident İlham Əliyev də çıxışında Avropa İttifaqı Şurasının Prezidentinin Azərbaycana səfərinə xüsusi önəm verildiyini vurğulayaraq bildirib:

"Biz Sizin səfərinizə çox böyük önəm veririk".

Dövlət başçısının sözlərinə görə, bu səfər tərəflər arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsində mühüm rol oyanacaq", - A.Qarayev bildlirib.

Onun qeyd edib ki, iqtisadi sahədə əməkdaşlıq Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin əsas istiqamətlərindən biri hesab olunur.

"Avropa bazarı Azərbaycanın xarici ticarətində mühüm yer tutur və tərəflər arasında ticarət dövriyyəsi sabit şəkildə artır. Azərbaycanın Avropa ilə iqtisadi əlaqələri yalnız enerji sektoru ilə məhdudlaşmır, eyni zamanda sənaye, investisiya və digər sahələrdə də əməkdaşlıq genişlənir. Prezident İlham Əliyev çıxışında bu məsələyə toxunaraq qeyd edib ki, “bu ilin yanvarında ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub.” Bu göstərici Avropa İttifaqının Azərbaycan üçün əsas iqtisadi tərəfdaşlardan biri olduğunu göstərir və gələcəkdə ticarət əlaqələrinin daha da genişlənməsi üçün potensialın mövcudluğunu ortaya qoyur", - o bildirib.

Politoloqun sözlərinə görə, enerji sahəsi Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın ən mühüm istiqamətlərindən biri olaraq qalır.

"Xüsusilə son illərdə Avropada enerji təhlükəsizliyi məsələsinin aktuallaşması fonunda Azərbaycanın rolu daha da artıb. Azərbaycan təbii qaz ixracını genişləndirməklə Avropa bazarının etibarlı tərəfdaşlarından birinə çevrilib. Cənub Qaz Dəhlizi kimi iri enerji layihələri bu əməkdaşlığın əsas sütunlarından hesab olunur və Avropanın enerji təchizatının şaxələndirilməsində mühüm rol oynayır. Prezident İlham Əliyev çıxışında Azərbaycanın Avropaya qaz ixracı ilə bağlı mövcud vəziyyətə toxunaraq bildirib: “Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qazı qəbul edir və ölkələrin ümumi sayı 16-ya çatıb”. Bu fakt Azərbaycanın Avropa enerji bazarında mövqeyinin möhkəmləndiyini və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni aydın şəkildə göstərir.

Enerji əməkdaşlığının digər mühüm istiqaməti isə bərpa olunan enerji sahəsidir. Azərbaycan son illərdə yaşıl enerji layihələrinin inkişafına xüsusi diqqət yetirir. Günəş və külək enerjisi sahəsində həyata keçirilən layihələr ölkənin enerji balansında alternativ mənbələrin payının artırılmasına yönəlib. Bu istiqamətdə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq da genişlənir. Azərbaycanın məqsədi yalnız daxili enerji tələbatını təmin etmək deyil, eyni zamanda gələcəkdə bərpa olunan enerji sahəsində ixrac imkanlarını da genişləndirməkdir. Bu isə Avropa İttifaqı ilə əməkdaşlıq üçün yeni perspektivlər yaradır", - o bildirib.

A.Qarayev vuğrulayıb ki, görüşlər zamanı nəqliyyat və logistika sahəsində əməkdaşlıq da diqqət mərkəzində olub.

"Azərbaycanın coğrafi mövqeyi ölkəni Avropa ilə Asiya arasında mühüm tranzit qovşaqlarından birinə çevirir. Bu baxımdan Orta Dəhliz kimi beynəlxalq nəqliyyat marşrutlarının inkişafı xüsusi əhəmiyyət kəsb edir. Bu marşrut Avropa ilə Asiya arasında ticarət əlaqələrinin daha sürətli və səmərəli şəkildə həyata keçirilməsinə imkan yaradır. Azərbaycan bu layihədə əsas iştirakçılardan biri kimi regionun nəqliyyat imkanlarının genişləndirilməsinə töhfə verir və Avropa ilə Asiya arasında logistika əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır.

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta da çıxışında Azərbaycanla əməkdaşlığın əhəmiyyətini vurğulayıb və tərəflər arasında münasibətlərin genişlənməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, Azərbaycan Avropa İttifaqı üçün mühüm tərəfdaşdır və müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur. Koşta bildirib ki, “Azərbaycan Respublikası Avropa İttifaqının əsas tərəfdaşıdır.” Bu yanaşma Avropa İttifaqının Azərbaycanla münasibətlərə verdiyi önəmi göstərir", - politoloq bildirib.

Onun sözlərinə görə, səfər çərçivəsində regional təhlükəsizlik və Cənubi Qafqazda sülh prosesi də müzakirə olunan əsas mövzulardan biri olub.

"Azərbaycan tərəfi regionda davamlı sülhün və sabitliyin təmin olunmasının vacibliyini vurğulayıb. Prezident İlham Əliyev çıxışında qeyd edib: "Sülhdən yaxşı heç nə ola bilməz.İnanın mənə, müharibə şəraitində yaşamağın və ya müharibə etməyin nə olduğunu bilirik. Ona görə bizim kimi ölkələr, ola bilsin, sülhü hər hansı digər ölkədən daha çox dəyərləndirir". Bu fikirlər Azərbaycanın regionda uzunmüddətli sabitliyin və əməkdaşlığın tərəfdarı olduğunu göstərir. Eyni zamanda, Bakı Cənubi Qafqazda davamlı sülhün təmin olunmasını gələcək inkişaf və təhlükəsizlik üçün əsas şərt kimi qiymətləndirir", - o bildirib.

A.Qarayev qeyd edib ki, ümumilikdə, Antonio Koştanın Azərbaycana səfəri Bakı ilə Brüssel arasında münasibətlərin möhkəmləndiyini göstərir.

"Enerji, iqtisadiyyat, nəqliyyat və təhlükəsizlik sahələrində əməkdaşlığın genişlənməsi tərəflər arasında strateji tərəfdaşlığın inkişaf etdiyini nümayiş etdirir. Mövcud dialoq və qarşılıqlı maraq doğuran layihələr isə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin gələcəkdə daha da dərinləşəcəyini göstərir. Bu səfər tərəflər arasında əməkdaşlığın yalnız mövcud səviyyədə saxlanılmayacağını, eyni zamanda yeni istiqamətlər üzrə də inkişaf etdiriləcəyini göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilir", - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti