Bakı. Trend:
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) tərəfindən “Go Camp Volunteers” proqramı çərçivəsində təşkil olunan “Könüllü Baharı 2” Azərbaycan Könüllülərinin yaz düşərgəsi uğurla yekunlaşıb.
Trend xəbər verir ki, 7–11 mart tarixlərində Şəki Olimpiya İdman Kompleksində keçirilən düşərgənin əsas məqsədi könüllü gənclərin şəxsi inkişafının dəstəklənməsi, komanda bacarıqlarının gücləndirilməsi, liderlik potensialının üzə çıxarılması və milli-mənəvi dəyərlərə bağlılığın təşviqi olub.
Düşərgədən əvvəl Şəki şəhərinə çatan könüllü gənclər Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad ediblər.
Düşərgənin proqramı çərçivəsində təlimatlandırma görüşləri, tanışlıq və komanda quruculuq oyunları, interaktiv və masaüstü fəaliyyətlər təşkil olunub. “Könüllü zəkası” intellektual oyunu, Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin və Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən keçirilən yarış, komandalararası voleybol çempionatı, “Bahar Missiyası” adlı kvest və özünümüdafiə üzrə praktik təlim iştirakçıların həm fiziki, həm də intellektual bacarıqlarının inkişafına yönəlib.
Düşərgə müddətində iştirakçılar üçün müxtəlif aktual mövzularda təlim sessiyaları təşkil olunub. “Bədən dili və təsir bacarığı”, “İdeyadan layihəyə: İdeaton hazırlıq təlimi” və “Xəyal et. Planla. Reallaşdır.” mövzularında keçirilən sessiyalar iştirakçıların kommunikasiya bacarıqlarının inkişafına, emosional dayanıqlılıqlarının gücləndirilməsinə və layihə əsaslı düşüncə tərzinin formalaşmasına töhfə verib. Təlimlər sahə üzrə peşəkar ekspertlər tərəfindən həyata keçirilib. Bununla yanaşı, “Mentor Time” görüşləri və ideaton müsabiqəsi çərçivəsində iştirakçılar öz ideyalarını təqdim edərək praktiki təcrübə qazanıblar.
“Könüllü Baharı 2” Könüllülər düşərgəsi çərçivəsində gənclər "Könüllülükdən karyeraya" adlı panel görüşdə bir araya gəliblər. Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyevin moderatorluğu ilə keçirilən panel görüşdə Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Nail Şükürov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev iştirak ediblər. Görüş zamanı könüllülük fəaliyyətinin gənclərin şəxsi və peşəkar inkişafına təsiri, könüllülükdən karyera imkanlarına gedən yol, eləcə də gənclər üçün mövcud imkanlar barədə fikir mübadiləsi aparılıb.
Düşərgə Novruz adət - ənənələrini özündə əks etdirən zəngin proqramla davam edib. Ustad dərsi zamanı düşərgə iştirakçıları saxsıda səməni hazırlayıb və onları yaradıcı şəkildə boyayıblar. “Novruz xonçası” müsabiqəsi, kosa, keçəl və bahar qızı, tonqal mərasimi və musiqili proqram iştirakçılar arasında həmrəyliyin və birlik ruhunun daha da möhkəmlənməsinə töhfə verib.
Eyni zamanda düşərgə iştirakçıları üçün Şəki şəhərinin gəzməli–görməli yerlərindən olan – Şəki Xan Sarayı, Yuxarı və Aşağı Karvansaraya ekskursiya təşkil edilib.
Yekunda yarış və müsabiqələr üzrə qaliblər mükafatlandırılıb və
düşərgə bağlanış mərasimi ilə başa çatıb.
