Bakı. Trend:
Cari ilin 12 mart tarixində Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu tərəfindən (Səlahiyyətli Qurum), Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyinin dəstəyi və Çin Xarici İnkişaf Assosiasiyasının (CODA) əməkdaşlığı ilə Çin Xalq Respublikasının Pekin şəhərində Ələt Azad İqtisadi Zonasına həsr olunmuş tədbir keçirilib.
Tədbir çərçivəsində CODA-nın üzv müəssisələrinin rəhbərləri və nümayəndələri, o cümlədən xaricdə investisiya və sənaye əməkdaşlığı sahəsində fəal şəkildə fəaliyyət göstərən aparıcı Çin istehsal şirkətləri daxil olmaqla 200-dən çox iştirakçı bir araya gələrək Ələt Azad İqtisadi Zonasında (ƏAİZ) mövcud investisiya imkanlarını müzakirə ediblər.
Tədbir Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Bünyad Hüseynovun açılış nitqi ilə başlayıb. Səfir çıxışında iki ölkə arasında ikitərəfli iqtisadi əlaqələrin və investisiya əməkdaşlığının gücləndirilməsinin əhəmiyyətini vurğulayıb, Azərbaycanda mövcud investisiya imkanlarından danışıb.
Daha sonra Çin Xarici İnkişaf Assosiasiyasının (CODA) sədri cənab He Zhenwei çıxış edərək, ƏAİZ-in Çin istehsal şirkətləri üçün daha geniş regional və beynəlxalq bazarlara çıxış imkanı yaradan mühüm investisiya platforması olduğunu qeyd etmiş, Səlahiyyətli Qurum ilə əməkdaşlığın gücləndirilməsi imkanlarını yüksək qiymətləndirdiyini bildirmişdir. Eyni zamanda, cənab Zhenwei yaxın zamanda ƏAİZ-də müəssisə qurmaqda maraqlı olan şirkət nümayəndələrindən ibarət heyətin Azərbaycana səfər edəcəyini diqqətə çatdırıb.
Ardınca, Səlahiyyətli Qurumun İdarə Heyətinin sədri cənab Valeh Ələsgərov tədbir iştirakçılarına Ələt Azad İqtisadi Zonası barədə ətraflı təqdimat edib. O, ƏAİZ-in unikal qanunvericilik bazası, istifadəyə hazır ərazi daxili və ərazi xarici infrastruktur və müasir mühəndis-kommunikasiya sistemləri ilə təchiz olunmuş sənaye torpaq sahələri, həmçinin Azad Zonanın strateji üstünlüklərini iştirakçıların diqqətinə çatdırıb. Bundan əlavə, Azad Zonada tətbiq olunan cəlbedici və geniş maliyyə və qeyri-maliyyə imtiyazları paketi, o cümlədən vergilərdən və gömrük rüsumlarından azadolmalar, sadələşdirilmiş gömrük prosedurları barədə ətraflı məlumat verib.
ƏAİZ-in regional və qlobal bazarları birləşdirən əsas istehsal və investisiya mərkəzi kimi strateji coğrafi mövqeyi xüsusilə vurğulanıb.
Təqdimatdan sonra interaktiv sual-cavab sessiyası keçirilib. Sessiya çərçivəsində Çin şirkətlərinin nümayəndələri və Səlahiyyətli Qurumun rəsmiləri arasında investisiya imkanlarının müzakirəsi aparılıb. Qarşı tərəf ƏAİZ-in əlverişli biznes mühitini və genişmiqyaslı istehsal potensialını yüksək qiymətləndirdiyini bildirib.
Bundan əlavə, “Sichuan Sunsync Photovoltaic Technology Co., Ltd.” şirkətinin Beynəlxalq əməkdaşlıq mərkəzinin direktoru, habelə SolarSync AFEZCO şirkətinin direktoru cənab Xiaolei Vanq, Azərbaycan hökumətinin və Səlahiyyətli Qurumun xarici investorlar üçün verdiyi dəstək və təşviqat imkanları haqqında fikirlərini bölüşüb. ƏAİZ-də rəsmi olaraq qeydiyyatdan keçmiş ilk Çin şirkəti olan “Sunsync” şirkəti, öz qabaqcıl texnologiyaları və innovasiya imkanlarını Azərbaycana gətirərərək, Azad Zonada 23 hektarlıq günəş paneli istehsalı müəssisəsini qurmağı planlaşdırır.
Tədbirin əsas məqamlarından biri Səlahiyyətli Qurum ilə CODA arasında Anlaşma Memorandumunun imzalanma mərasimi olub. Sözügedən Memorandum tərəflər arasında əməkdaşlığın təşviqi, məlumat mübadiləsinin asanlaşdırılması və Ələt Azad İqtisadi Zonasına investisiya yatırmaqda maraqlı olan Çin müəssisələrinə dəstəyin göstərilməsi istiqamətində atılacaq birgə addımları əhatə edir.
Tədbir B2B formatında keçirilmiş işgüzar görüşlərlə yekunlaşıb. Sözügedən görüşlər çərçivəsində Çin şirkətlərinin nümayəndələri potensial layihələr və əməkdaşlıq imkanlarını müzakirə etmək məqsədilə Səlahiyyətli Qurumun rəsmiləri ilə təkbətək görüşlər keçirib.
Tədbir ikitərəfli iqtisadi əlaqələrin möhkəmləndirilməsi və Ələt Azad İqtisadi Zonasında ixracyönümlü istehsal investisiyalarının təşviqi istiqamətində mühüm bir addım olmuşdur.
Qeyd olunanlarla yanaşı, işgüzar səfər çərçivəsində Səlahiyyətli Qurumun nümayəndə heyəti Ələt Azad İqtisadi Zonasında istehsal müəssisələrinin yaradılmasında maraqlı olan Çin investorları ilə bir sıra görüşlər keçirib.