Bakı. Trend:
İran hər halda qarşı tərəfdən kompensasiya alacaq.
Trend-in məlumatına görə, bunu İranın Ali Lideri Müctəba Xamenei İran vətəndaşlarına müraciətində bildirib.
Onun sözlərinə görə, qarşı tərəf imtina edərsə, müəyyən edilən ölçüdə qarşı tərəfin əmlakından götürüləcək.
Xamenei bildirib ki, əgər bu mümkün olmazsa, həmin ölçüdə qarşı tərəfin əmlakı məhv ediləcək.
Ali Lider əlavə edib ki, hər bir cinayət, xüsusilə də Minab məktəbi və baş verən oxşar hallarla əlaqədar araşdırma aparılacaq.
“İranı müdafiə edən Silahlı Qüvvələrə səmimi şəkildə təşəkkür edirəm. Silahlı qüvvələr ABŞ və İsrailin yolunu bağlayıb və onların İranı bölmək və yaxud ələ keçirməsinə imkan verməyib”, - deyə o qeyd edib.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu bildirilib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.
