...

AzMİU nümayəndə heyəti Çində “Mathematics and AI” beynəlxalq elmi konfransında iştirak edib (FOTO)

Cəmiyyət Materials 28 Oktyabr 2025 17:07 (UTC +04:00)
AzMİU nümayəndə heyəti Çində “Mathematics and AI” beynəlxalq elmi konfransında iştirak edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nümayəndə heyəti Çin Xalq Respublikasının İnsan Resursları və Sosial Təminat Nazirliyi və Şanxay Xalq Bələdiyyə Hökumətinin təşkilatçılığı ilə keçirilən “Mathematics and AI” (Riyaziyyat və Süni İntellekt) beynəlxalq elmi konfransında iştirak edib. Şanxay şəhərində yerləşən Expo Mərkəzində keçirilən konfransa AzMİU Çinin nüfuzlu Şanxay Jiao Tonq Universiteti tərəfindən dəvət olunub.

Universiteti konfransda rektor, professor Gülçöhrə Məmmədova, rektorun müşaviri, professor Məsud Əfəndiyev və AzMİU-nun İctimaiyyətlə əlaqələr və marketinq mərkəzinin direktoru İsa Muradov təmsil ediblər.

“Mathematics and AI” beynəlxalq konfransı dünyanın aparıcı elmi mərkəzlərinin alimlərini, universitet rəhbərlərini, tədqiqatçıları və sənaye nümayəndələrini bir araya gətirib. Tədbir çərçivəsində “Mathematical Frontiers and Foundational Reconstructions of AI” adlı xüsusi sessiyada riyaziyyatın süni intellektin inkişafında fundamental rolundan bəhs olunub.

Konfransda, həmçinin Çin hökumətinin süni intellektin qlobal idarəçiliyi üçün beynəlxalq əməkdaşlıq təşəbbüsləri barədə də müzakirələr aparılıb.

Konfrans çərçivəsində rektor, professor Gülçöhrə Məmmədova “How to Develop a Top-Level International Journal?” mövzusunda keçirilən panel müzakirəsində iştirak edib. Rektor beynəlxalq elmi jurnalların inkişafında məzmun keyfiyyəti, multidissiplinar əməkdaşlıq və universitetlərarası elmi əlaqələrin əhəmiyyətindən danışıb.

Rektorun müşaviri, professor Məsud Əfəndiyev isə “What Have Biology and Medicine Done?” mövzusunda məruzə ilə çıxış edib. Məruzəsində o, riyaziyyatın biologiya və tibb elmlərinə inteqrasiyası, memarlıq və mühəndislik sahələrinə təsirini, biomimetik dizayn və insan-mərkəzli şəhərsalma kimi müasir istiqamətlərin formalaşmasında bu elmlərin rolunu elmi faktlarla izah edib.

Qeyd edək ki, AzMİU-nun nümayəndə heyətinin konfransda iştirakı universitetin beynəlxalq əlaqələrinin genişlənməsi və multidissiplinar elmi tədqiqatların inkişafı istiqamətində atılmış növbəti uğurlu addımdır. Hazırda universitet “dəyişkən sistemlər”, “süni intellekt və informasiya təhlükəsizliyi”, “yaşıl infrastruktur və smart memarlıq” kimi istiqamətlər üzrə elmi tədqiqat layihələrini həyata keçirir. Bu kimi beynəlxalq tədbirlərdə iştirak AzMİU-nun qlobal elmi mühitə inteqrasiyasını daha da gücləndirir, universitetin müəllim və tədqiqatçılarının beynəlxalq təcrübə və elmi mübadilə imkanlarını artırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti