Bakı. Trend:
Türk sığorta məkanının gücləndirilməsi, qarşılıqlı etimadın artırılması və regional bazarın inteqrasiyası gələcək üçün əsas hədəflər sırasındadır.
Bunu Trend-ə bu gün Türkiyə Sığorta Assosiasiyasının baş katibi Özgür Obalı Bakıda keçirilən "Türk Dövlətləri InsurTech Sammiti 2025" çərçivəsində müsahibəsində deyib.
O, müsahibəsində sığorta sektorunun qarşısında duran qlobal çağırışlardan, bu sahədə texnoloji həllər və ortaq əməkdaşlıq imkanlarından, iqlim dəyişikliyi, enerji keçidi və "yaşıl iqtisadiyyat"ın sığorta portfellərinə təsirindən danışıb.
Sığortalanma imkanının artırılması - Sektorun əsas hədəfi
Ö. Obalının sözlərinə görə sığorta sektorunun ən vacib məsələlərindən biri sığortalanma imkanının artırılmasıdır: "Bu, sadəcə inkişaf etməkdə olan ölkələr üçün deyil, həm də inkişaf etmiş və az inkişaf etmiş dövlətlər üçün aktual məsələdir. Əsas məqsəd sığorta mexanizmini cəmiyyətin bütün təbəqələrinə yaymaq və hər bir fərdin maliyyə risklərə qarşı qorunmasını təmin etməkdir".
Türkiyə Sığorta Assosiasiyasının baş katibi eyni zamanda vurğulayıb ki, qoruma açığı (yəni sığorta ilə əhatə olunmayan risklər) nə qədər böyükdürsə, insanların maliyyə itkiləri bir o qədər çox olur: "Halbuki sığorta bu itkiləri minimuma endirən əsas təminat mexanizmidir. Buna görə də, bu açığı aradan qaldırmaq həm Dünya Sığorta Birliyinin, həm də Azərbaycan da daxil olmaqla üzvü olduğumuz Avropa və Türk Dövlətləri Sığorta Birliyinin əsas hədəflərindəndir".
"Bu istiqamətdə ən mühüm məsələlərdən biri sığorta savadlılığının artırılması, təhsil və mədəniyyət dəyişikliyinin təşviqidir. Təəssüf ki, bəzi cəmiyyətlərdə sığorta “taleyin təyin etdiyi bir reallıq” kimi qəbul olunur. Halbuki sığorta maliyyə itkilərinin paylaşılması və ötürülməsi üçün real və səmərəli bir vasitədir", - deyə Ö. Obalı qeyd edib.
Türk Dövlətləri Sığorta Birliyi – Ortaq vizyonun təməli
Ö. Obalı bildirib ki, Türk Dövlətləri Sığorta Birliyi ideyasının
arxasında duran əsas məqsəd ortaq mədəniyyətə, dilə və tarixə malik
ölkələri vahid sığorta vizyonu altında birləşdirməkdir: "Bu, yalnız
iqtisadi deyil, həm də sosial və strateji əməkdaşlıq baxımından
böyük əhəmiyyət daşıyır. Çünki sığorta “böyük saylar qanunu”na
əsaslanır, yəni hovuz (ortaq maliyyə mexanizmi) nə qədər geniş
olarsa, risklər bir o qədər balanslaşdırılar və sektor daha
dayanıqlı olar.
Bunun üçün isə daha çox regional əməkdaşlıq, ortaq layihələr və
qarşılıqlı tənzimləyici (requlyativ) maneələrin aradan qaldırılması
vacibdir. Məqsəd Türk dünyasında sığortanı inkişaf etdirmək,
təcrübə və resursları paylaşmaqdır".
Texnologiyanın inteqrasiyası – "InsurTech" inqilabı
Ö. Obalı qeyd edib ki, texnologiyanın sığortacılığa inteqrasiyası ("InsurTech") xüsusi önəm daşıyır: "Türk dünyasında innovasiya və sahibkarlıq ruhu güclüdür, bu potensialı sığorta sektoru ilə birləşdirərək müasir, texnologiyaya əsaslanan məhsullar inkişaf etdirmək mümkündür. Bu baxımdan “InsurTech Hub” kimi təşəbbüslər çox dəyərlidir".
Türkiyə Sığorta Assosiasiyasının baş katibi vurğulayıb ki, hazırda üç əsas istiqamətdə konkret layihələr həyata keçirilir: 1) Ortaq təhsil və mədəniyyət proqramları – sığorta bilgisinin artırılması məqsədilə; 2) "Reassurans" (təkrar sığorta) hovuzlarının birləşdirilməsi – risklərin daha geniş şəkildə paylaşılması və “böyük saylar qanunu”ndan daha səmərəli yararlanmaq üçün; 3) Texnologiya və təcrübə mübadiləsi ("know-how" transferi) – müasir sığorta sistemlərinin tətbiqi üçün.
İqlim dəyişikliyi və onun sığorta sektoruna təsiri
Ö. Obalı bildirib ki, iqlim dəyişikliyi və onun sığorta sektoruna təsiri xüsusi diqqət tələb edir:
"Şəhərləşmə, torpaqların şoranlaşması, suyu udmayan mühit və təbii fəlakətlərin (sel, yanğın, quraqlıq və s.) artması yeni risklər yaradır. Buna qarşı parametrik sığorta məhsullarının tətbiqi və innovativ risk idarəetmə həllərinin hazırlanması vacibdir.
Kənd təsərrüfatı sahəsində isə Türkiyədə fəaliyyət göstərən TARSİM (Türkiyə Respublikasının Kənd Təsərrüfatı Sığorta Birliyi) modeli ilə Azərbaycanın Aqrar Sığorta Fondu arasında sıx əməkdaşlıq mövcuddur. Hər iki tərəf ortaq sığorta hovuzu qurmaq, Türkiyənin bu sahədəki təcrübəsini və “know-how”ını Azərbaycanla paylaşmaq istiqamətində fəal işləyir".
Gələcəyə baxış: Türk sığorta məkanının inteqrasiyası
"Kənd təsərrüfatı yalnız iqtisadi deyil, həm də sosial sabitlik
və ərzaq təhlükəsizliyi baxımından həyati əhəmiyyət daşıyır. Buna
görə bu sahədə əməkdaşlığın dərinləşdirilməsi prioritet hesab
olunur.
Ümumilikdə, türk sığorta məkanının gücləndirilməsi, qarşılıqlı
etimadın artırılması və regional bazarın inteqrasiyası gələcək üçün
əsas hədəflər sırasındadır", - deyə Ö. Obalı yekunlaşdırıb.
