Bakı. Trend:
Xəbər verdiyimiz kimi, cari il oktyabrın 22-də 2-si qadın, 4-ü uşaq olmaqla, 6 nəfər Azərbaycan Respublikası vətəndaşının Suriya Ərəb Respublikasından ölkəmizə repatriasiyası həyata keçirilib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatından Trend-ə verilən məlumata görə, Aparatın əməkdaşları tərəfindən Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə yerləşdirilmiş repatriantlarla görüş keçirilib.
Bildirilib ki, görüş zamanı repatriantlarla bağlı həyata keçirlən tibbi, sosial və psixoloji tədbirlər barədə məlumat alınıb, onların hüquqlarının təmin olunması vəziyyəti araşdırılıb.
Görüşdə uşaqların psixoloji problemlərinin həlli və sosial adaptasiyası məqsədilə ixtisaslaşdırılmış psixoloji yardıma ehtiyaclarının olduğu müəyyən edilib, bu barədə məlumat müəssisə rəhbərliyinin diqqətinə çatdırılıb. Bununla yanaşı, repatriantların cəmiyyətə inteqrasiyası, təhsil və məşğulluq imkanlarından yararlanması istiqamətində tövsiyələr verilib.
Görüş çərçivəsində repatriantlara Müvəkkilin fəaliyyət istiqamətləri, hüquqlarının müdafiəsi üzrə mövcud mexanizmlər barədə geniş məlumat verilib.
Qeyd edilib ki, Ombudsman xarici ölkədə çətin həyat şəraitində yaşayan vətəndaşlarımızın repatriasiyası, həmçinin onların hüquq və azadlıqlarının təmin olunması məsələlərini daim diqqətdə saxlayır.
