Bakı. Trend:
Oktyabrın 28-də Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Ədliyyə Nazirliyinin rəhbərlik etdiyi “Biznesin müflisləşməsi” İşçi qrupunun “Bakı KOB evi”ndə növbəti iclası keçirilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə işçi və tematik qrupların üzvləri, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və sahibkarlıq subyektlərinin nümayəndələri iştirak ediblər.
Görüşü açıq elan edən İşçi qrupun rəhbəri, ədliyyə nazirinin müavini Abiddin Hüseynov Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesin müflisləşməsi” indikatoru ilə bağlı ümumi məlumat verərək həmin indikator üzrə görülmüş işlərin əhəmiyyətini vurğulayıb.
Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin rəis müavini Səkinə Əliyeva tərəfindən həmin indikator üzrə müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi çərçivəsində görülmüş işlər sahibkarlıq subyektlərinin diqqətinə çatdırılıb. O, sözügedən Yol Xəritəsinin icrası məqsədilə həyata keçirilən bəzi tədbirlərdən bəhs edərək bildirib ki, kommersiya mübahisələrinə baxan hakimlərin, eləcə də vəkillərin müflisləşmə sahəsində bilik və təcrübələrinin artırılması istiqamətində zəruri tədbirlər görülüb, o cümlədən təlimlər keçirilib, həmçinin bu sahədə ictimaiyyətin məlumatlılığının artırılmasının təmin edilməsi üçün müvafiq məlumatlar, videoçarxlar (müflisləşmə ilə bağlı işlər üzrə anonimləşdirilmiş məhkəmə qərarlarının Vahid Məhkəmə Portalında ayrıca bölmədə yayımlanması, bu sahədə mübahisələrə dair hesabat formasının həmin portalda yerləşdirilməsi və avtomatik yenilənməsi ilə bağlı və s.) hazırlanaraq mediada paylaşılıb.
Eyni zamanda, Tematik qrupun üzvü Fərid Yaqublu “Sağlamlaşdırma və müflisləşmə” haqqında yeni qanun layihəsinin hazırda qüvvədə olan “Müflisləşmə və iflas haqqında” Qanundan fərqlərini qeyd edərək, layihənin ölkə iqtisadiyyatına, borclanmaya məruz qalmış sahibkarlıq subyektlərinə edə biləcəyi müsbət təsirləri haqqında məlumat verib.
Həmçinin görüşdə dəvət edilmiş sahibkarlıq subyektlərinin bu sahədə fikir və təklifləri öyrənilib və onların məsələ ilə bağlı maraq doğuran sualları cavablandırılıb.
Tədbir qarşılıqlı müzakirələr şəklində davam etdirilib.
