Bakı. Trend:
Son iyirmi iki il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olub. Bu dövrdə həm də Konstitusiyamızın real gücü praktikada sınaqdan keçib.
Trend xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunan “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusunda beynəlxalq parlament konfransında çıxışı zamanı deyib.
Spiker xatırladıb ki, ölkəmizin beynəlxalq miqyasda tanınan ərazisinin 20 faizi otuz ilə yaxın Ermənistanın işğalı altında olub:
“Bu dövrdə Konstitusiya dövlətimizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizənin hüquqi, mənəvi və fəlsəfi əsasını təşkil edirdi. Ölkəmizin əsas qanunu silahlı təcavüzə son qoymaq və sülh yaratmaq uğrunda diplomatik səylərimizin təməlində dayanmışdı”.
Sədr bildirib ki, 2020-ci ilin Vətən müharibəsində və 2023-cü ilin antiterror əməliyyatında əldə edilən tarixi qələbələr nəticəsində Azərbaycan özü beynəlxalq hüququn qüvvəsini bərpa edib.
“Dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərqərar edilməsi ilə Azərbaycan Konstitusiyasında müəyyənləşdirilmiş prinsiplər real həyatda öz təcəssümünü tapıb”, - deyə S.Qafarova vurğulayıb.
