Bakı. Trend:
Xalqlar arasında dostluq, bərabərlik, qarşılıqlı hörmət Azərbaycan Konstitusiyasının əsas prinsiplərindən biridir. Konstitusiya Azərbaycanın baş siyasi hüquqi sənədi kimi ölkənin beynəlxalq nüfuzunu möhkəmləndirib.
Trend xəbər verir ki, bunu Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Fayzali İdizoda Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunan “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusunda beynəlxalq parlament konfransında çıxışı zamanı deyib.
F.İdizoda vurğulayıb ki, Azərbaycan Konstitusiyası ölkədə davamlı inkişaf və daxili sabitliyin möhkəm əsaslarını yaradıb.
“Azərbaycanda milli birliyin və daxili sabitliyin əsasları qoyulub. Bu da müasir geosiyasi reallıqlar fonunda Konstitusiyanın müstəqillik və suverenlik rolunu daha aydın nümayiş etdirir. Konstitusiya dövlətin və cəmiyyətin davamlı inkişafı, daxili sabitliyin əsas təminatçısıdır. Beynəlxalq qeyri-sabitlik şəraitində dövləti qorumaq yalnız cəmiyyətin birliyi, konstitusion dəyərlərə hörmət nəticəsində mümkündür”, - deyə o qeyd edib.
