Bakı. Trend:
Azərbaycan bərpa olunan enerji üçün “yaşıl maliyyələşdirmə” imkanlarını genişləndirir.
Trend xəbər verir ki, bunu bu gün SOCAR Green MMC-nin Maliyyə Direktoru Rza Nağıyev Bakıda keçirilən 13-cü Xəzər Enerji Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, layihə maliyyələşdirilməsi ölkə daxilində, xüsusi ilə kapital tutumlu uzunmüddətli bərpaolunan enerji və infrastruktur layihələrində daha geniş miqyasda tətbiq edilməlidir və artıq bunun üzrə müəyyən tendensiya müşahidə olunur. Lakin bu proses daha sürətlə irəliləməli, yerli institutların da bu prosesdə iştirak səviyyəsi artırılmalıdır.
“2022-ci ildə Mərkəzi Bank qanunvericilik bazası yaradıb və layihə maliyyələşdirilməsi ilə bağlı bir sıra qərarlar qəbul edib. Bundan əlavə, yaşıl taksonomiya sənədi təsdiqlənib - bu, çox ümidverici bir addımdır. Bununla belə, bu kifayət deyil, çünki hər hansı “yaşıl yuma” (greenwashing) hallarının qarşısını almaq üçün üçüncü tərəf qiymətləndiriciləri də prosesə cəlb edilməlidir”, - deyə o qeyd edib.
Nağıyev vurğulayıb ki, tənzimləyici qurumlar və Mərkəzi Bank belə layihələrin maliyyələşdirilməsində bu amilləri nəzərə almalı və bankların uzunmüddətli maliyyələşdirməyə marağını artırmaq üçün daha əlverişli siyasətlər qəbul etməlidirlər - bu, bərpa olunan enerji təşəbbüsləri üçün əsas dönüş nöqtəsi ola bilər. Bərpa olunan enerji layihələri üçün vergi güzəştlərinə gəlincə, qeyd olunub ki, 2024-cü ilin sonunadək qəbul edilmiş dəstək mexanizmi 30 ilə qədər vergi azadolmalarını nəzərdə tutur ki, bu da çox əhəmiyyətli addımdır. Bununla belə, əlavə vergi güzəştləri də B2B layihələrinə tətbiq oluna bilər. Bundan başqa, yaşıl layihələrin maliyyələşdirilməsinə yönəlik müxtəlif formalarda vergi azadolmaları da genişləndirilə bilər, o cümlədən gəlirdən tutulan vergilərdən azadolma, faiz xərclərinin çıxılmasına icazə verilməsi, eləcə də uzunmüddətli bərpa olunan enerji maliyyələşdirilməsində geniş istifadə olunan törəmə və hedcinq məhsulları üzrə azadolmalar tətbiq edilə bilər.
