Ağdam. Trend:
Oktyabrın 29-da Ağdərə rayonunun Həsənriz kəndinə növbəti qayıdış baş tutub.
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata əsasən, bu mərhələdə Həsənriz kəndinə 83 nəfərdən ibarət 17 ailə döndü.
Sakinlərə kənddə yaradılmış şərait barədə məlumat verilib. Bildirilib ki, Həsənriz kəndində bütün zəruri infrastruktur su, qaz, elektrik enerjisi və internet təminatı tam şəkildə bərpa edilib.
Qeyd olunub ki, kənddə sakinlərin rahat yaşayışı, sosial rifahı və məşğulluğunun təmin olunması istiqamətində zəruri tədbirlər görülür.
Beləliklə, bu köç mərhələsi ilə birlikdə Ağdərənin Həsənriz kəndində ümumilikdə 205 ailə, yəni 764 nəfər daimi məskunlaşıb.
14:01
xxx
Ağdam rayonunun Xıdırlı kəndinə köçən ailələrə mənzillərin açarları təqdim edilib.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, açar təqdim etmə mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında prezidentin xüsusi nümayəndəliyinin, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin və Qacqinkomun nümayəndələri iştirak ediblər.
13:37
xxx
Ağdamın Xıdırlı kəndinə yola salınan növbəti köç karvanı mənzil başına çatıb.
Trend-in yerli müxbiri xəbər verir ki, bu mərhələdə Ağdamın Xıdırlı kəndinə 91 ailə 366 nəfər köçürülür.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, Ağdam rayonunun Xıdırlı kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
12:18
xxx
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, yenidən qurulan Ağdərə rayonunun Həsənriz və Ağdam rayonunun Xıdırlı kəndlərinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı oktyabrın 29-da yola salınıb.
Trend xəbər verir ki, bu mərhələdə Ağdam rayonunun Xıdırlı kəndinə 91 ailə - 366 nəfər, Ağdərə rayonunun Həsənriz kəndinə isə 17 ailə - 83 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda həyatlarını qurban vermiş şəhidlərimizə rəhmət diləyiblər.
Hazırda Qarabağda və Şərqi Zəngəzurda oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır.
