Bakı. Trend:
29 oktyabr 2025-ci il tarixində nazir Ceyhun Bayramov Oman Sultanlığına rəsmi səfəri çərçivəsində Oman Sultanının xüsusi nümayəndəsi Seyid Əsad bin Tariq Al Səid ilə görüşüb.
Trend xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Bildirilib ki, görüşdə tərəflər Azərbaycan və Omanın həm
ikitərəfli, həm də çoxtərəfli səviyyədə münasibətlərinin
inkişafından məmnun olduqlarını bildiriblər.
İkitərəfli münasibətlərimizin yeni səviyyəyə qaldırılmasında və
ölkələrimiz arasında siyasi və iqtisadi əməkdaşlığın daha da
stimullaşdırılmasında yüksək səviyyəli səfərlərin həlledici rolu
vurğulanıb.
Ölkəmizin Omanda Səfirliyinin fəaliyyətə başlamasının əməkdaşlığa daha da təkan verəcəyinə əminlik ifadə olunub.
Parlament diplomatiyasının ikitərəfli münasibətlərin möhkəmlənməsində həlledici rol oynadığını qeyd edən nazir Azərbaycanın 2025-ci ildə ölkələrimizin parlamentləri tərəfindən dostluq qruplarının yaradılmasını yüksək qiymətləndirdiyini qeyd edib.
Nazir Ceyhun Bayramov Azərbaycan tərəfindən 2026-cı ildə Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının növbəti Zirvə görüşü və Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyinin əhəmiyyətinə toxunaraq, bu tədbirlərin dialoq, həmrəylik və dayanıqlı inkişaf prinsiplərinin təşviqi baxımından yeni əməkdaşlıq imkanları yaradacağını bildirib.
Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər, eləcə də regional vəziyyət müzakirə olunub.