Bakı.Trend:
Şübhəli zənglər, bank əməkdaşı, yaxın qohum və digər bu kimi qurama obrazlar… Hələ son deyil… Siyahıya elektron platformalardan göndərilən saxta keçidləri, sosial şəbəkələr üzərindən edilən şirnikləndirici reklamları və daha nələri-nələri əlavə edə bilərik. Kiberdələduzlar cinayətkar niyyətlərini həyata keçirmək üçün fərqli ssenarilər qurur, istifadə etdikləri üsul və vasitələri dəyişirlər. Məqsəd isə dəyişməz olaraq qalır.
Trend xəbər verir ki, bu barədə DİN-in kibercinayətkarlıqla bağlı vətəndaşlara müraciətində bildirilib.
Qeyd edilib ki, kimin, hansı məqsədlə zəng etməsindən asılı olmayaraq, sosial şəbəkələr, digər internet resurslarından daxil olan təklifləri dəqiqləşdirmədən şəxsi və bank kartı məlumatlarınızı heç kimlə bölüşməyin.
Bu təhlükənin qarşısını isə ilk növbədə özünüz ala bilərsiniz. Sizə şübhəli gələn hallara reaksiya verməyə tələsməyin və bu barədə dərhal polisə müraciət edin.
Gəlin, kibermaarifləndirmə sahəsində səylərimizi birlikdə artıraraq yaxın çevrəmizdə olan insanları da məlumatlandıraq. Bununla da kiberdələduzların cinayətkar niyyətlərini qarşısını alaq və bank kartlarımızın təhlükəsizliyini qoruyaq!
