Bakı. Trend:
1995-ci ilin noyabrın 12-də qəbul edilmiş Azərbaycan Konstitusiyası Azərbaycan xalqının taleyində yeni fəslin başlanğıcını qoydu. Həmin gün müstəqilliyini bərpa edən Azərbaycan qanunun aliliyinə, insan hüquqlarına və demokratik dəyərlərə əsaslanan müasir dövlət qurmaq iradəsini dünyaya bəyan etdi.
Trend xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunan “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusunda beynəlxalq parlament konfransında çıxışı zamanı deyib.
Ş.Ayrım qeyd edib ki, bu böyük tarixi addımın memarı da Ümummilli Lider Heydər Əliyevdir. Bu gün bu miras Prezident İlham Əliyevin rəhbərliyi altında ədalət, inkişaf, milli birlik prinsipləri ilə daha da möhkəmlənib.
O bildirib ki, Azərbaycan regionda sülhün, sabitliyin və inkişafın simvoluna çevrilib:
“Konstitusiya sadəcə hüquqi mətn deyil, onun hər bir maddəsi xalqın iradəsini, ədalətə olan inamını, müstəqil yaşama əzmini nümayiş etdirir. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror əməliyyatı zamanı öz suverenliyini bərpa edib. 30 il əvvəl qəbul edilmiş Konstitusiya həm də gələcəyin kompasıdır. Konstitusiyanın ildönümü bizə bir həqiqəti xatıradır ki, ədalətin təməli hər zaman Konstitusiyadır”.
