Bakı. Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda “Azərbaycanın yaşıl iqtisadiyyatı”nın maliyyələşmə proqramını (Green Economy Financing Facility - Azerbaijan, GEFF - Azerbaijan) işə salmaq imkanını nəzərdən keçirir. 100 milyon ABŞ dolları həcmində olan bu təşəbbüs beş illik müddət ərzində yerli tərəfdaş maliyyə qurumları (PFI) vasitəsilə “yaşıl maliyyələşmə"yə dəstəyə hədəflənib.
Trend bu barədə AYİB-ə istinadən xəbər verir.
Proqram təsdiqlənəcəyi halda, banklara, mikromaliyyə təşkilatlarına və lizinq şirkətlərinə enerji səmərəliliyi, bərpa olunan enerji mənbələri, resurslardan səmərəli istifadə, dövri iqtisadiyyat və iqlim dayanıqlığı sahələrində layihələr həyata keçirən özəl borcalanlara kreditlər vermək üçün maliyyə vəsaitləri təqdim ediləcək.
Təşəbbüs Azərbaycanda “yaşıl maliyyələşdirmə" üzrə pilot proqram kimi nəzərdə tutulur və ölkənin “yaşıl iqtisadiyyata keçid” (Green Economy Transition, GET) prosesinə töhfə verməyi hədəfləyir. Layihə yerli maliyyə institutlarının potensialını gücləndirməyə yönəlib. Bunun üçün onlara yalnız maliyyə dəstəyi deyil, həm də texniki yardım göstəriləcək ki, bu da dayanıqlı texnologiyalara yatırılan investisiyaların portfelini genişləndirməyə imkan verəcək.
Bundan əlavə, "GEFF – Azerbaijan" təşəbbüsü “yaşıl kreditləşmə" sahəsində mövcud maneələri aradan qaldırmaq və qadınlarla kişilər üçün “yaşıl maliyyələşdirmə"yə bərabər çıxışı təmin etmək məqsədi daşıyır.
Proqram, həmçinin 2024-cü ilin noyabrında Bakıda keçirilmiş COP29 tədbirindən sonra Azərbaycanın ekoloji dayanıqlılıq sahəsində artan fəallığına, tənzimləyici qurumların fəal iştirakına və beynəlxalq ictimaiyyətin diqqətinin güclənməsinə əsaslanır.
