Bakı.Trend:
Cari ilin 9 ayı ərzində 1198 yanğın hadisəsi rəsmi statistikaya daxil edilib.
Bunu Trend-ə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğına Nəzarəti Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Cəmil Xudiyev özəl müsahibəsində deyib.
Cari ilin 9 ayı ərzində respublika ərazisində qeydə alınan yanğınların statistikası
Cəmil Xudiyev bildirib ki, cari ilin 9 ayı ərzində 1198 yanğın hadisəsi rəsmi statistikaya daxil edilib. Bu rəqəm 2024-cü ilin eyni dövrü ilə müqayisədə azalma ilə qeydiyyata daxil olub. Belə ki, 2024-cü ilin ilk 9 ayı ərzində 1217 yanğın hadisəsi baş verib ki, bu da 2025-ci illə müqayisədə 19 faktın azalması deməkdir. Bu, yanğınlara nəzarət şəraiti baxımından bizim üçün qənaətbəxş vəziyyətdir.

FHN rəsmisi cari ilin 9 ayında yanğınlarda həyatını itirən vətəndaşların sayını açıqlayıb. O qeyd edib ki, bu ilin 9 ayı müddətində baş verən müxtəlif yanğınlarda təəssüf ki, 32 nəfər vətəndaşımız həlak olub.
"Bu göstərici 2024-cü ilin eyni dövründə 35 nəfər təşkil edirdi. Burada da 3 ölüm faktının azaldığı görülür. Ölüm faktıyla yanaşı, onu da diqqətə çatdırım ki, 2025-ci ilin ötən dövrü ərzində qeydiyyata alınmış 1198 yanğın hadisəsində 132 nəfər vətəndaşımız xəsarət alıb. 2024-cü ilin eyni dövründə isə 162 nəfər xəsarət almışdı. Bu statistikada 30 xəsarətalma faktının da azaldığı müşahidə olunur. Ölüm faktları əsasən çoxmənzilli yaşayış binalarında baş verib. 32 ölüm hadisəsindən 3-ü çoxmənzilli binalarda, 22-si fərdi yaşayış evlərində, 4-ü fərdi evin yardımçı tikilisində,1-i minik avtomobilində, 2-si isə qeyri-yaşayış sahəsində isə baş verib.
Səsləndirdiyimiz obyektlərdən bizim nəzarət fəaliyyətimizə yalnız qeyri-yaşayış obyektləri düşür. Digər qeyd etdiyim obyektlər isə Dövlət Yanğına Nəzarət Xidməti tərəfindən yoxlanılmır. Bizim xidmətimiz qeyri-yaşayış sahələri ilə münasibətdədir. Görülən budur ki, nəzarət çərçivəsinə düşən sahədə ölüm faktının sayı 2 nəfərdir".
Mənzillərə və fərdi yaşayış obyeklərinə baxışlar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə gələn şikayət və müraciətlərə əsasən həyata keçirilir
C. Xudiyev bildirib ki, “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının qanununda, o cümlədən mülki məcəllədə mənzil toxunulmazlığı deyilən anlayış var. Mənzilin mülkiyyət hüququ vətəndaşa məxsus olduğu üçün ora daxil olmaq istənilən halda baş tutan fəaliyyət deyil.
"Bu haqda “Mənzil məcəlləsi”ndə də qeyd edildiyi kimi, həmin mənzildə yanğın və ya hər hansı təhlükəsizlik məsələləri ilə bağlı məlumat olarsa, o zaman səlahiyyət dairəsi hansı orqana uyğundursa, həmin obyektə baxış keçirə bilər. Mənzillərə və fərdi yaşayış obyeklərinə baxışlar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə gələn şikayət və müraciətlərə əsasən həyata keçirilir".
O, qış fəslində insanların yaşayış evlərində yanğın təhlükəsizliyinə necə əmək etməli olduqlarını da açıqlayıb.
"Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğına Nəzarət Xidməti respublika ərazisində, xüsusilə yaşayış sektorunda yanğın təhlükəsizliyinin etibarlı təmin olunması məqsədilə müvafiq əmr imzalayıb. Əmr xidmətin aidiyyəti struktur bölmələrinə göndərilib. Yerli periferiyada olan əməkdaşlarımız tərəfindən çoxmənzilli yaşayış binalarında yoxlamalar aparılır və aşkar olunan pozuntulara görə balans mənsubiyyətçilərinə müvafiq məzmunlu tələbnamələr də verilir.
Yanğın təhlükəsizlik qaydalarında fərdi evlər, mehmanxalar, qarajlar və ictimai binlarla qüvvədə olan YTQ 022002 nömrəli qaydamız var. Bu qaydanın 1.2-ci yarımbəndində yaşayış binaları ilə münasibətdə kimlərin cavabdehlik daşıdığı tam aydın təsbit olunub. Dövlət Yaşayış Fonduna xidmət göstərən binalarda həmin binaların mülkiyyətçiləri, həmçinin köhnə binalarla münasibətdə mənzil kommunal istismar idarələri(hansı ki hazırda MKİS-lər həmin binalara müvafiq xidmətlər göstərirlər), Mənzil Tikinti Korporativləri ilə münasibətdə sədrlər məsuliyyət daşıyırlar”, - deyə o bildirib.
FHN rəsmisi həmçinin əlavə edib ki, aparılan araşdırmalarda binaların ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmaması, elektrik təsərrüfatının elektrik qurğularının tələblərinə uyğun quraşdırılmaması, o cümlədən vətəndaşlar tərəfindən müxtəlif üsullarla qaz xətlərinin yerlərinin dəyişdirilməsi kimi hallar da ortaya çıxır:
"Həmçinin vətəndaşlarımız binaların həyətyanı sahələrində yerləşən yanğın su hovuzlarının vəziyyətinə müdaxilə edirlər. Bununla yanğınsöndürmə əməliyyat şəraiti çətinləşdirilir.
Bəzi hallarda çoxmərtəbəli binalarda daxili yanğın kranlarının vəziyyəti qənaətbəxş olmur. Bu kranlar bəzən tam kompleksləşdirilmir, bəzən də içərisində lazım həddə olan su təzyiq altında olmur. Binaların havabasıcı və tüstüsorucu sistemləri biz istismara qəbul etdikdə işlək vəziyyətdə olur, sonradan isə texniki xidmətin aparılmadığı məlum olur. Həmçinin, su, yanğın nasoslarının işlək vəziyyətdə olması tələb olunan vəziyyətə uyğun gəlmir. Bu kimi qayda pozuntularında inzibati resurslardan istifadə edirik, nöqsanların aradan qaldırılması üçün tələbnamələr veririk. Nöqsanlar aradan qaldırılmadıqda yerli icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırırıq, MKİS-lərə müraciət edirik".

O, neft, qaz və sənaye obyektlərində təhlükəsizlik qaydalarına necə nəzarət edildiyini də açıqlayıb.
"Neft-qaz sənayesi dövlətimizin iqtisadi potensialının ana sütunudur. Bu növ obyektlər yanğın təhlükəli obyektlər kateqoriyasına aiddir. Burada hadisələr həcminə və yayılma imkanına görə digər obyektlərlə müqayisədə daha risklidir. Buradakı risklərin idarəolunması üçün əməkdaşlarımız tərəfindən diqqətli nəzəri yoxlamalarımız aparılır. Dövlət Yanğına Nəzarət Xidiməti tərəfindən ilin ilk altı ayında diqqətli, ikinci altı ayında isə nəzəri yoxlamalar keçirdilir. Yoxlamalar bəzən komissiya, bəzən həmin obyektin yanğın təhlükəzisliyinə cavabdeh olan əməkdaşlarının iştirakıyla aparılır. Aparılan müayinələr isə tikinti norma və qaydalarının, o cümlədən qüvvədə olan yanğın təhlükəsizlik qaydalarının yanğına qarşı tələblərinin yerinə yetirilməsi səviyyəsini müəyyən etmək istiqamətində olur. Respublika ərazisində nöqsan aşkar edilməyən obyektlərimizin sayı 5-6% faiz həcmindədir.
Yanğın təhlükəsizlik qaydalarının pozuntusu ilk növbədə inzibati məsuliyyət yaradır. Aşkar olunan pozutuların aradan qaldırılması üçün sahibkara, müəssisə rəhbərinə dövlət inspektoru tərəfindən tələbnamə verilir. Sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirin tətbiq olunması ən son zərurət həddidir", - deyə C.Xudiyev əlavə edib.
FHN rəsmisi sahibkarların fəaliyyətinin hansı hallarda məhdudlaşdırıldığına da aydınlıq gətirib:
"İnsan həyat və sağlamlığına, dövlətin əmlak maraqlarına, ətraf mühitə birbaşa təhlükə aşkar edilərsə bu zaman aşkar edilən təhlükənin qarşısının alınması üçün sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirin tətbiqini həyata keçiririk. Həmin tədbir sahibkar ona qarşı qəbul olunan qərarda təsbit edilən pozuntuları aradan əsaslı şəkildə qaldırırsa və dövlət nəzarəti aparan quruma məlumat verirsə, tərəfimizdən sahibkarın verdiyi məlumat yoxlanılır, fakt təsdiqini taparsa, dərhal qəbul edilən qərar qüvvədən düşür. Bununla da həmin obyektin təhlükəsiz istismar edilməsinə bilavasitə nail ola bilirik".
O bildirib ki, aparılan yoxlamaların nəticələrinə istinad etsək, aşkar olunan nöqsanların sayının çoxluğunu nəzərə alsaq, yanğın söndürmədə erkən xəbərdarlıq sistemlərinin tam həcmdə ölkəni əhatə etmədiyini görə bilərik. Mərhələli şəkildə dövlət nəzarəti çərçivəsində yanğın söndürmə sistemlərinin quraşdırılması prosesləri getməkdədir.

Cəmil Xudiyevin sözlərinə görə, rəqəmsallıq FHN üçün də prioritetdir.
"Sahibkarlara, müəssisələrə sürətli xidmət göstərilməsi məqsədilə internet resursları vasitəsilə, sosial şəbəkə ilə əlaqələrin qurulması istiqamətində işlər görülüb. Proses həmçinin inkişaf etdirilir. Bundan başqa FHN-in böhran vəziyyətdə idarəetmə mərkəzinin “112” çevik reaksiya xidməti də mövcuddur. Həmçinin FHN-in böhran vəziyyətdə idarəetmə mərkəzinin kameraları daha böyük əraziləri müşahidə altına alıb. Hətta vətəndaşlardan öncə belə bu kameralar tüstülənməni aşkar edib və bununla da yanğının vaxtında, ən lokal vəziyyətdə qarşısının alınmasına nail olunub. Bununla da maddi ziyan minimum endirilir, insan itkisinin qarşısı alınır", - deyə o bildirib.
Əksər təzə tikililərin məhdud ərazidə, bir-birinə yaxın tikilib. Bu da fövqəladə hadisə baş verdikdə FHN maşınlarının əraziyə daxil olmasında çətinlik yaradır.
FHN rəsmisi qeyd edib ki, bina və qurğuların yanğın təhlükəsizliyi ilə əlaqədar tikinti normaları mövcuddur:
"Burada da qeyd edilir ki, binaların yanğın əleyhinə ara məsafəsi ən az 6 metrdən başlanır. Binaların 5 odadavamlılıq dərəcəsi mövcuddur. Yanğına ən çox davamlı olan birinci tip odadavamlılıq dərəcəsidir. Adətən çoxmənzilli binalarımızda odadavamlılıq dərəcəsi 2 və 3 halında olur. Çünki birinci tip odavamlılıq dərəcəsi binanın bütünlükdə dəmir beton konstruksiyadan ibarət olmasını tələb edir. İkinci və üçüncü tip odadavamlılıq dərəcəsində isə pəncərə, qapı boşluğu və sair kimi məsələlər olduğuna görə, odadavamlılıq dərəcəmiz yumşalır. Birinci və üçüncü odadavamlılıq dərəcəsi olan binalar arasında ən azı 6 metr məsafə nəzərdə tutulub. Binalar tikilmədən öncə layihələndirilir və hökmən yanğın təhlükəsizlik tələblərinə riayət olunması baxımından “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının qanununun 24-cü maddəsində qeyd edildiyi kimi hökmən DYNX ilə razılaşdırılmalıdır.
Layihədə baş plan ətrafında görülən bina və qurğularla münasibətdə ilk olaraq ara məsafələrə baxırıq. Binaya yanğın avtomobillərinin yanalma imkanları da xüsusi nəzərdən keçirilir. Həmçinin 10 mərtəbəni keçən binada daxili kranların quraşdırılması zərurətdir. Fövqəladə Hallar Nazirliyi yaranandan layihələndirmə məsələsində qeyd etdiyim hər bir detala xüsusi nəzarət olunur. Tikinti üçün layihə razılaşdırılır, bina tikilir, yekunlaşır. Bundan sonra isə razılaşdırdığımız layihədə nəzərdə tutulan yanğın əleyhinə tələblər yerinə yetirilib və ya əksinə icra edilməyib kimi detallarla da diqqət etdikdən sonra binanın istismarına icazə verilməsi ilə bağlı akt imzalanır. Nazirlik bu mövzuda çox ciddi mövqe ortaya qoyur".

Onun sözlərinə görə, yanğın əleyhinə normativlərə əhəmiyyət qoymadan tikilən binalarda yaşayan vətəndaşlara gələcəkdə mülkiyyət hüququnun tanınması ilə bağlı Dövlət Əmlak Komitəsindən çıxarışların əldə olunması prosesində istismara icazənin verilməsi mərhələsində yanğın təhlükəsizliyinə cavab verməsi haqqında akt olmadıqda aidiyyəti qurum o sənədi vermir:
"Bizə bununla bağlı xeyli şikayətlər daxil olur. Bu səbədən vətəndaşlarımız binalardan mənzil alarkən diqqətli və detallı araşdırma etməlidirlər".
Cəmil Xudiyev Qarabağ və Şərqi Zəngəzurda baş verən yanğınlar barədə də danışıb.
Onun sözlərinə görə, işğaldan azad edilmiş bölgələrdə son 5 ildə 477 maarifləndirmə tədbiri aparılıb, 7500-dən çox insanın yanğın təhlükəsizliyi sahəsində maarifləndirilməsinə nail olunub.
"İşğaldan azad edilən ərazilərdə aparılan tikinti işlərinin layihələri paytaxtda diqqətlə nəzərdən keçirilir. Qarabağ və Şərqi Zəngəzurda əsasən açıq ərazilərdə yanğınlar baş verib. Həmin ərazilərdə obyektlərdə baş verən yanğınlar cüzi faiz təşkil edir. Əməkdaşlarımız təhlükəsizlik baxımından minalanmış ərazi təhlükəsi olan yerlərdə xidmət apara bilmirlər. Bu, əməyin təhlükəsizliyi baxımından da yolverilməzdir".
FHN rəsmisi həmçinin bildirib ki, binaların giriş-çıxış yolları üzərində şlaqbaumların quraşdırılması yanğın təhlükəsizlik qaydalarının pozuntusu ilə nəticələnir.
"Şlaqbaumun açılması, idarə edilməsi bir insanın iradəsinə həvalə edilibdirsə, əraziyə yanğın avtomobili gələrkən həmin maneə yanğın obyektinə FHN maşınlarının yaxınlaşmasında ciddi vaxt itkisinə səbəb olur. Bu növ məhdudiyyətlər yanğınların inkişafı üçün tələb olunan münbit şəraitin formalaşmasına xidmət edir. Yanğında hər dəqiqənin hökmü var. Nazirlər kabinetinin 143 nömrəli qərarına əsasən, xüsusi və mühüm əhəmiyyətli obyektlərin ərazisinin fiziki mühafizəsi məqsədilə mühəndis kommunikasiya qurğularının tətbiqi ilə bağlı normativlər mövcuddur. Bu normaya əsasən qeyd edilən ərazilərdə fiziki sahənin mühafizəsi üçün avtomatik çəpərləmə mexanizmi olan şlaqbaunun quraşdırılmasına yol verilir. Onun idarəetmə pultu isə nəzarət buraxılış məntəqəsində olmalıdır. Övladlarımızı maşınvurma təhlükəsindən qoruduğunu düşündüyümüz şlaqbaumlar və digər avadanlıqlar baş verən yanğında bir sıra fəsadlara səbəb ola bilər", - deyə Cəmil Xudiyev qeyd edib.

