Bakı. Trend:
“Sovetski”də 73 ədəd dövlət reyestrindən keçən tarixi memarlıq abidəsi mövcuddur. Bundan əlavə, 54 ədəd reyestrə düşməyən, lakin xarici görünüşü çox gözəl olan tarixi binaların saxlanılması nəzərdə tutulur.
Trend xəbər verir ki, bunu bu gün Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdiri Rəşid Ağayev “Sovetski” adlanan ərazidə aparılan söküntü işləri ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
Şöbə müdiri vurğulayıb ki, beləliklə, bu ərazidə 127 ədəd binanın qorunub saxlanılması təmin ediləcək.

“Bütün söküntü prosesi həyata keçirildikdən sonra bu binalar yenidən bərpa olunaraq Bakının gözəl bir güşəsinə çevriləcək”, - deyə R.Ağayev qeyd edib.
Qeyd edək ki, bu gün Bakı Şəhər İcra Hakimiyyəti müxtəlif KİV-lərdə keçmiş “Sovetski” adlanan ərazidə tarixi binaların söküntüsü və onlara müdaxilə ilə bağlı yayılmış məlumatlara aydınlıq gətirib.
Vurğulanıb ki, hazırda bu ərazidə yalnız qəzalı vəziyyətdə olan, istismar müddətini başa çatdırmış binaların söküntüsü həyata keçirilir: “Mirzə Fətəli Axundov 31 ünvanında yerləşən binaya gəlincə isə, söküntü sözügedən binada deyil, ona bitişik olan qəzalı binada həyata keçirilib. Söküntü işləri başa çatdırıldıqdan sonra bu binanın əsaslı bərpası nəzərdə tutulub”.
BŞİH media qurumlarına da müraciət edib: “Xahiş edirik ki, yalnız dəqiqləşdirilmiş məlumatları yaysınlar. Bu ərazidə 3 qurumun nümayəndələrindən ibarət xüsusi komissiya fəaliyyət göstərir və hər bir bina ilə bağlı birgə rəy verilir”.
