Bakı.Trend:
Qısa videolar üzrə aparıcı platforma olan TikTok Azərbaycanda yerli icmanın təhlükəsizliyini prioritet hesab edir və yaradıcı fəaliyyət üçün rahat mühitin formalaşmasına töhfə verir. Təhlükəsizliyi qorumaq üçün TikTok ən innovativ texnologiyalardan və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən on minlərlə peşəkar mütəxəssisi bu prosesə cəlb edir.
Trend xəbər verir ki, platformada 24/7 rejimində fəaliyyət göstərən moderasiya komandası İcma Qaydalarını pozan videokontenti silir, həmçinin şəffaflıq prinsiplərinə uyğun olaraq hər rübdə silinmiş kontentlə bağlı məlumatları rüblük hesabatlarda açıqlayır. İcma Qaydalarına əməl olunmasına dair hesabata əsasən, 2025-ci ilin ikinci rübündə Azərbaycanda:
İcma Qaydalarının pozulmasına görə 880 mindən çox video
silinib.
Ümumi sayın 99,4%-i platforma tərəfindən proaktiv şəkildə — yəni
şikayət daxil olmadan əvvəl müəyyən edilərək — silinib.
Videoların 98%-i paylaşım edildikdən sonra 24 saat ərzində silinib
ki, bu da dünya üzrə orta göstəricilərdən yüksəkdir.
Ötən il ərzində Azərbaycanda ümumilikdə 3 milyonadək video silinib.
Eyni zamanda, 2025-ci ilin ikinci rübündə dünya üzrə İcma Qaydalarının pozulması ilə əlaqədar olaraq:
Təxminən 190 milyon videoçarx platformadan silinib.
Videokontentin 99,1%-i proaktiv şəkildə silinib.
Roliklərin 94,4%-i paylaşım edildikdən sonra 24 saat ərzində
silinib.
90%-dən çoxu isə hər hansı şikayət daxil olmadan əvvəlcədən müəyyən
edilərək silinib.
TikTok-da həmçinin bu ilin birinci rübü ilə müqayisədə dünya üzrə dayandırılmış LIVE yayımların sayında əhəmiyyətli artım müşahidə olunur. Bu artım platformanın moderasiya texnologiyalarının təkmilləşdirilməsi ilə bağlıdır. Eyni zamanda, apellyasiya nəticəsində bərpa olunan yayımların sayı cüzi artıb, bu isə yeni tədbirlərin daha dəqiq və effektiv şəkildə tətbiq olunduğunu göstərir.
TikTok, həmçinin birbaşa yayımlarda təhlükəsizliklə bağlı daha çox məlumat açıqlamağa başlayır. Buna keçən il tətbiq olunan və bu standartları pozan kontentin monetizasiyasının qarşısını almağa yönəlmiş Monetizasiya Qaydalarına riayət olunmasını təmin edən öz tədbirləri də daxildir.
Belə ki, 2025-ci ilin ikinci rübündə TikTok dünya üzrə monetizasiya qaydalarını pozan 2 321 813 canlı yayım və 1 040 356 yayım sahibi ilə bağlı tədbirlər görüb, o cümlədən xəbərdarlıqlar və demonetizasiya tətbiq edib. Xəbərdarlıqlar müəlliflərə kontentlərinin qaydalara zidd ola biləcəyini anlamağa və düzəliş etməyə imkan yaradır. Əgər qayda pozuntuları davam edərsə, TikTok müəllifin birbaşa yayımlarda monetizasiya funksiyasına müvəqqəti girişini məhdudlaşdıra bilər. Şəffaflığın artırılması istiqamətində atılan addımlar çərçivəsində platforma bu məlumatları gələcəkdə birbaşa yayımların təhlükəsizliyinə dair hesabatlarda da əks etdirəcək.
