Bakı. Trend:
Bu gün yerli media nümayəndələri üçün noyabrda Bakıda keçiriləcək Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (WTDC-25) ilə bağlı brifinq keçirilib.
Trend xəbər verir ki, bu barədə RİNN məlumat yayıb.
Bildirilib ki, Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov, Beynəlxalq tədbirlərin təşkili üzrə rəhbər Orxan Əfəndiyev, Azərkosmosun Kosmik Akademiyasının rəhbəri İmran Muxtarov tədbirin məqsəd və faydaları, qeydiyyatdan keçmiş qonaqların, həmçinin KİV təmsilçilərinin tədbirdə iştirakı barədə məlumat veriblər.
Qeyd olunub ki, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ)
Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı bu il 17-28
noyabr tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək. MDB
regionunda ilk dəfə təşkil olunan bu tədbir Azərbaycanın rəqəmsal
transformasiya və texnoloji innovasiyalar sahəsində artan qlobal
rolunu nümayiş etdirəcək.
BTİ hər dörd ildən bir Ümumdünya Telekommunikasiyanın İnkişafı
Konfransını təşkil edir. Tədbirin məqsədi ölkələr arasında rəqəmsal
uçurumu aradan qaldırmaq, innovasiyaları təşviq etmək və inklüziv,
dayanıqlı rəqəmsal gələcək üçün tərəfdaşlıq mühitini
gücləndirməkdir. Builki konfransda 150-dən çox ölkədən 2000-ə qədər
nümayəndə iştirak edəcək.
“WTDC-25” çərçivəsində kibertəhlükəsizlik, rəqəmsal bacarıqlar,
süni intellekt, “əşyaların interneti”, rəqəmsal sağlamlıq, kvant
texnologiyaları və ətraf mühitin mühafizəsi kimi qlobal trendlər
üzrə müzakirələr aparılacaq. Tədbir, həmçinin yeni nəsil İKT
siyasətlərinin formalaşdırılması və tərəfdaşlığın dərinləşdirilməsi
üçün mühüm platforma rolunu oynayacaq.
Azərbaycan son illərdə rəqəmsal transformasiya, startap ekosisteminin genişlənməsi və elektron hökumətin inkişafı sahəsində əhəmiyyətli uğurlar əldə edib. Rəqəmsal hökumətə keçid, genişzolaqlı şəbəkələrin qurulması və rəqəmsal savadlılığın artırılması istiqamətində görülən işlər ölkəmizi BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində “Çox Yüksək EGDI” kateqoriyasına daxil edib. Bu tədbir Azərbaycanın qlobal rəqəmsal iqtisadiyyatda rolunu daha da möhkəmləndirəcək.
“WTDC-25” çərçivəsində 16 noyabr tarixində Qlobal Gənclər Sammiti keçiriləcək. Sammit dünya üzrə gənc liderləri, mühəndisləri, sahibkarları və tələbələri bir araya gətirərək onların texnoloji biliklərini artırmaq, yeni əməkdaşlıqlar qurmaq və gələcəyin peşələri barədə müzakirə aparmaq üçün platforma yaradacaq. Azərbaycanlı gənclərin bu sammitdə iştirakı onların beynəlxalq təcrübə qazanmasına, texnoloji ideyaların ölkə daxilində tətbiqinə və yeni təşəbbüslərin formalaşmasına şərait yaradacaq.
Media qeydiyyatı və akkreditasiya
Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı və Qlobal
Gənclər Sammiti tədbirlərini işıqlandırmaq istəyən media
nümayəndələri üçün ayrıca qeydiyyat prosesi nəzərdə tutulub.
Tədbirdə iştirak etmək üçün hər bir media nümayəndəsi aşağıdakı üç
sənədi doldurmalıdır:
1. Ümumi qeydiyyat forması;
2. “WTDC-25” üzrə media akkreditasiyası forması;
3. “GYC-25” üzrə media akkreditasiyası forması.
Formalara keçid üçün təqdim olunan QR kodu skan etmək
kifayətdir.
Bütün sənədlər tam şəkildə doldurulduqdan sonra “WTDC-25”
Kommunikasiya koordinatoru Jalə Ələkbərliyə təqdim edilməlidir:
[email protected]
Akkreditasiya məlumatları əsasında media nümayəndələrinə tədbir
boyunca giriş nişanı təqdim olunacaq.
Ətraflı məlumat üçün: www.wtdc2025.az
