Bakı. Trend:
Bu il oktyabrın 1-nə Azərbaycanın dövlət zəmanətli borcunun məbləği 10,686 milyard manat və ya 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 8,2%-ni təşkil edib.
Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, dövlət zəmanətinin 9,024 milyard manatı (5,308 milyard ABŞ dolları) və yaxud 84,4 faizi xarici kreditlərin, 1,662 milyard manatı və yaxud 15,6 faizi isə daxili kreditlərin payına düşüb.
Xarici dövlət zəmanətli borc portfelinin 79,1 faizi və yaxud 4,197 milyard ABŞ dolları məbləğində hissəsi "Cənub Qaz Dəhlizi" QSC-nin cəlb etdiyi kreditlərə verilən dövlət zəmanətlərindən ibarətdir.
Hesabat tarixinə dövlət zəmanətli borc portfelinin 58,8 faizini sabit, 41,2 faizini dəyişkən faiz dərəcəli borc təşkil edib.
Cari ilin oktyabrın 1-nə dövlət zəmanətli borc portfelinin valyuta tərkibi belə olub: ABŞ dolları– 63,3 faiz, avro – 18,5 faiz, manat – 12,4 faiz, yapon yeni – 3,9 faiz, digər valyutalar – 1,9 faiz.
