Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda bərpa olunan enerjinin və enerji səmərəliliyinin inkişafını aktiv şəkildə dəstəkləyir.
Trend xəbər verir ki, bunu AİB-in Azərbaycan üzrə direktoru Sunniya Durrani-Camal Bakıda keçirilən 13-cü Beynəlxalq Xəzər Enerji Forumunda çıxışında deyib.
O qeyd edib ki, bank hidrogen də daxil olmaqla yeni texnologiyalar, enerji istehsalı və şəbəkə infrastrukturu sahələrinə investisiya qoyur və “yaşıl istiqrazlar" və zəmanətlər vasitəsilə özəl kapitalı cəlb edir.
Sunniya Durrani-Camal bildirib ki, AİB 25 ildən artıq fəaliyyəti ərzində Azərbaycana təxminən 5,5 milyard dollar investisiya qoyub, bunun təxminən 4,4 milyardı dövlət sektoruna, təxminən 1,2 milyardı isə özəl sektora yönəldilib. Hazırkı investisiya portfelində xüsusi diqqət bərpa olunan enerji sahəsinə o cümlədən su, günəş və külək enerjisi, həmçinin geotermal enerji və hidrogen kimi perspektivli istiqamətlərə yönəlib.
Durrani-Camal vurğulayıb ki, investorlar üçün əsas amillər siyasət və tənzimləyici mühitdir və Azərbaycan bu sahədə şəffaf hədəflər nümayiş etdirməkdədir: Söhbət 2050-ci ilə qədər sıfır emissiya və bərpa olunan mənbələrdən enerji istehsalının 30 faizini təmin etməkdən gedir.
“Uğurlu enerji transformasiyası üçün yalnız istehsalı inkişaf etdirmək kifayət deyil, həm də dayanıqlı enerji ötürücü və saxlama şəbəkələri yaratmaq, müxtəlif sahələrdə enerji səmərəliliyini artırmaq vacibdir”, - deyə bank direktoru qeyd edib.
O əlavə edib ki, bank “yaşıl istiqrazlar" və digər maliyyə alətləri vasitəsilə özəl kapitalın cəlb olunması üzərində fəal işləyir, həmçinin karbon qiymət mexanizmlərinin inkişafına və risklərin azaldılmasına o cümlədən zəmanətlər, sığorta məhsulları və layihə infrastrukturu təminatına dəstək göstərir.
