...

İqlim dəyişikliyi həyat tərzimizin hərtərəfli yenidən qiymətləndirilməsini tələb edir - İtaliyanın təhsil naziri

Cəmiyyət Materials 18 Noyabr 2024 10:48 (UTC +04:00)
İqlim dəyişikliyi həyat tərzimizin hərtərəfli yenidən qiymətləndirilməsini tələb edir - İtaliyanın təhsil naziri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İqlim dəyişikliyi həyat tərzimizin hərtərəfli yenidən qiymətləndirilməsini tələb edir.

Trend xəbər verir ki, bu barədə İtaliyanın təhsil naziri Giuseppe Valditara COP29 çərçivəsində keçirilən “İqlimə davamlı gələcək üçün insan inkişafına sərmayə qoyuluşu üzrə Yüksək Səviyyəli Görüş” də çıxışı zamanı deyib.

O qeyd edib ki, bu kontekstdə təhsil bilik və məlumatlılığın əldə edilməsində əsas rol oynaya bilər.

“Elmi və mədəni biliklər, səriştələr insanlara doğru və yalan məlumatı ayırd etmək, dözümlülük yaratmaq bacarıqlarını inkişaf etdirmək üçün vacibdir. Biz elmi yanaşmaya inanırıq. Bizim üçün iqtisadi artım və ətraf mühitin mühafizəsi birlikdə irəliləməlidir.

Gələcək nəsillərin maraqları naminə sağlamlıq, təhsil, bioiqtisadiyyat, biomüxtəlifliyin və ekosistemlərin qorunmasına xüsusi diqqət yetirməliyik”, - deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Xəbər lenti

Xəbər lenti