Bakı. Trend:
COP29 çərçivəsində İqlimə davamlı gələcək üçün insan inkişafına sərmayə qoyuluşu üzrə Yüksək Səviyyəli Görüş keçirilib.
Trend xəbər verir ki, moderatoru BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreava olan görüşdə elm və təhsili naziri Emin Əmrullayev, COP29 baş danışıqçısı Yalçın Rəfiyev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, UNİCEF, UNESCO və Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən COP29 baş danışıqçısı, xarici işlər naziri müavini Yalçın Rəfiyev bildirib ki, İqlim dəyişikliyi həyatımızın hər sahəsinə, sağlamlığımıza, təhsil sistemlərimizə, enerji bazarlarımıza, institutlarımıza, gələcək nəsillər üçün mövcud imkanlara təsir göstərir.
"İnsanlara sərmayə qoymalıyıq və bu sərmayə iqlim dəyişikliyinin ən erkən mərhələsində qoyulmalı, uşaq və gənclərin təhsil, səhiyyə və bacarıqlarının inkişaf etdirilməsi ilə bağlı möhkəm cəmiyyətin bir hissəsinə çevrilməsini təmin etməlidir.
Bu sərmayə təkcə dayanıqlılığa aid deyil, həm də iqlim dəyişikliyini azaltmaq üçün səyləri təkmilləşdirməlidir. Bu, gələcəyin bacarıqlarını, tələblərini hazırlamaq və sağlamlıq və biznesə cari təsirləri azaltmaq deməkdir.
Bir çox danışıqlarda əsas insan inkişafı ilə bağlı müzakirələr aparılsa da, siyasi səylərimizin əsas istiqaməti kimi ilk dəfədir ki, insan inkişafı gününün tətbiqi ilə hərtərəfli, bir-biri ilə əlaqəli yanaşma ön plana çəkilir".
Əlavə olaraq elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək qeyd edib ki, iqlim dəyişikliyi sahəsində müəllimlərin inkişafı istiqamətində hələ çox işlər görülməlidir.
“Azərbaycanın 2022-2026-cı illər üzrə Sosial-İqtisadi İnkişaf Strategiyasında dayanıqlı və aşağı karbonlu təhsil sistemlərinin qurulmasına böyük diqqət yetirilir.
Bu gün COP29-un Prezidentliyi, UNESCO və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək, iqlim ölçülərinin PISA kimi beynəlxalq qiymətləndirmələrə inteqrasiyasına və təhsil sistemlərinin daha yaşıl olması üçün transformasiyasına diqqət yetiririk. Bura kurikulumların uyğunlaşdırılması, müəllim hazırlığının təkmilləşdirilməsi, davamlılıq və dayanıqlılığı müdafiə edən məktəblərin yaradılması daxildir.
Ali təhsili də nümunə göstərə bilərik. Universitetlərimizi qlobal davamlılıq standartlarına uyğunlaşdırmaqla biz tələbələri iqlimə dayanıqlılıq və davamlılıq sahəsində lider olmağa hazırlayırıq.
Biz gənclərimizi aşağı karbonlu iqtisadiyyat üçün lazım olan yaşıl bacarıqlarla təmin edirik. Bu vizyonu dəstəkləyən təşəbbüslərdən biri SABAH - Şəhər Qovşağı (City Hub) layihəsidir. Bu layihə təhsil, tədqiqat və sənayenin innovasiyaya təkan vermək və davamlı həllər hazırlamaq üçün birləşdiyi mərkəzdir.
Birlikdə təhsil, elm və tərəfdaşlıq vasitəsilə biz davamlı, əhatəli və dayanıqlı gələcək yarada bilərik”, - deyə nazir əlavə edib.
Öz növbəsində Adaptasiya Fondunun (AEF) İdarə Heyətinin sədri Lukas di Pietro qeyd edib ki, üç milyarddan çox insan iqlim dəyişikliyinin təsirlərinə qarşı həssasdır.
“Biz uşaqların, gənclərin, qadınların və təcrid olunmuş qrupların ehtiyaclarını prioritetləşdiririk. Hər kəsin uyğunlaşma və yaradıcılıq üçün daha yaxşı gələcək qurmaq imkanının olmasını təmin edir, uzunmüddətli institusional və inanca əsaslanan bacarıqların yaradılmasına çalışırıq.
Bizim birlikdə dayanıqlığı gücləndirmək, dünya üçün davamlı və ədalətli gələcəyi təmin etmək imkanımız var. Gəlin bu öhdəliyi davamlı dəyişikliklərə səbəb olan müsbət hərəkətlərə çevirək”, - deyə o bildirib.
Daha sonra İtaliyanın təhsil naziri Giuseppe Valditara çıxış edərək qeyd edib ki, iqlim dəyişikliyi həyat tərzimizin hərtərəfli yenidən qiymətləndirilməsini tələb edir.
O vurğulayıb ki, bu kontekstdə təhsil bilik və məlumatlılığın əldə edilməsində əsas rol oynaya bilər.
“Elmi və mədəni biliklər, səriştələr insanlara doğru və yalan məlumatı ayırd etmək, dözümlülük yaratmaq bacarıqlarını inkişaf etdirmək üçün vacibdir. Biz elmi yanaşmaya inanırıq. Bizim üçün iqtisadi artım və ətraf mühitin mühafizəsi birlikdə irəliləməlidir.
Gələcək nəsillərin maraqları naminə sağlamlıq, təhsil, bioiqtisadiyyat, biomüxtəlifliyin və ekosistemlərin qorunmasına xüsusi diqqət yetirməliyik”, - deyə o bildirib.
Əlavə olaraq Niderland Krallığının gənclər və idman naziri Vinsent Karremans qeyd edib ki, iqlim dəyişikliyi ilə mübarizə apararkən, emissiyaları azaltmaqla yanaşı, səhiyyəyə də nəzər salmalıdırlar.
"Biz təkcə səhiyyəmizi daha davamlı etmək məcburiyyətində deyilik. Mavi-yaşıl məktəb həyətləri və ya sahil parkları yaratmağın sağlamlığa böyük faydası var. Çünki o parklar daha təmiz hava yaradır, insanları idman etməyə, uşaqları oynamağa, hərəkət etməyə sövq edir.
Buna görə də, indi Niderlandın Səhiyyə Nazirliyi bu investisiyaları qoyur və maliyyələşdirir. Çünki bu, iqlim dəyişikliyi ilə mübarizəyə də çox töhfə verir”, - deyə o bildirib.
Öz növbəsində Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, iqlim dəyişikliyi çoxölçülü məsələdir. İqlim dəyişikliyi həm də əmək bazarına çox güclü təsir göstərir.
O qeyd edib ki, ildən-ilə ənənəvi işlərdən daha yüksək texnoloji işlərə keçidi və ölkələrin əmək resurslarında həmin iş yerlərini təmin etmək və müvafiq əmək resurslarının yaradılmasını görürük.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.