Bakı. Trend:
2024-cü ilin yanvar-oktyabr ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 8108 cinayət faktı aşkarlanıb.
Trend xəbər verir ki, bu barədə narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məlumatında deyilir.
Onlardan 2577-si narkotik vasitələrin qanunsuz satışı, 5299-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 226-sı narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 6-sı isə digər cinayətlərlə bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 061 kq 819,096 qr narkotik vasitələrin və psixotrop maddələrin 512 kq 164,959 qr-nı heroin, 5 ton 008 kq 382,751 qr-nı marixuana, 154 kq 257,47 qr-nı tiryək, 38 kq 852,443 qr-nı həşiş, 191 kq 744,959 qr-nı psixotrop maddələr, 156 kq 416,514 qr-nı digər narkotik vasitələr təşkil edib.
Həmçinin göstərilən dövr ərzində 37317 ədəd metadon, 15272 ədəd çətənə kolu, 44 qr və 240 ədəd həb güclü təsir edən maddə, 10 qr prekursor qanunsuz dövriyyədən götürülüb.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 6247 nəfər cəlb edilmiş, onlardan 16-18 yaşadək-1 nəfər,18-25 yaşadək 463 nəfər, 20-25 yaşadək 2 nəfər, 26-29 yaşadək 946 nəfər, 30 yaş və ondan yuxarı isə 4835 nəfər təşkil edir. Həmin şəxslərdən 6066-ı kişi, 181-i qadın olub.
Məsuliyyətə cəlb edilmiş 56 xarici ölkə vətəndaşından ümumilikdə 201 kq 615,722 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.