Bakı. Trend:
Sinqapur Bakı Qlobal İqlim Şəffaflığı Platformasına dəstəyini ifadə edir.
Trend xəbər verir ki, bu barədə Sinqapurun davamlı inkişaf və ətraf mühit naziri Qreys Fu "Qlobal iqlim şəffaflığı üzrə nazirlərin dəyirmi masası"nda bildirib.
"Biz COP29 prezidentliyinin iqlim şəffaflığını bu konfransın əsas prioriteti etməsindən məmnunuq və Bakı Qlobal İqlim Şəffaflığı Platformasının işə salınmasını dəstəklədiyimizi ifadə etmək istəyirik. Bu platforma şəffaflığın qarşılıqlı etimadın gücləndirilməsi və qlobal iqlim tədbirlərində beynəlxalq əməkdaşlığın təkmilləşdirilməsində oynadığı mühüm rolu vurğulayır", - deyə o bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.