...

COP29 çərçivəsində Parlament Görüşünün iştirakçıları yekun sənəd qəbul ediblər (FOTO)

Siyasət Materials 17 Noyabr 2024 16:50 (UTC +04:00)
COP29 çərçivəsində Parlament Görüşünün iştirakçıları yekun sənəd qəbul ediblər (FOTO)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

COP29 çərçivəsində Parlamentlərarası İttifaqın (IPU) və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkil etdiyi Parlament Görüşündə yekun sənəd qəbul edilib.

Trend xəbər verir ki, COP29 çərçivəsində parlamentarilərin iki günlük görüşündən sonra tərəflər iqlim dəyişikliyi ilə mübarizə üçün gələcək fəaliyyətləri də müəyyən ediblər.

Tədbirdə IPU-nun baş katibi Martin Çunqonq, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, IPU-nun Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova, Milli Məclisin deputatı Soltan Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbir iştirakçılarına müraciət edərək, Milli Məclisin deputatı Soltan Məmmədov COP29-un dünya ictimaiyyəti üçün daha bir əlamətdar hadisə olacağını vurğulayıb.

O qeyd edib ki, bu gün dünya ictimaiyyətinin diqqəti müxtəlif nümayəndə heyətlərinin, o cümlədən beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətinin, QHT-lərin, medianın, gənclər və qadın birliklərinin, könüllülərin, ekoloji fəalların, parlament üzvlərinin 70 mindən çox nümayəndəsinin toplaşdığı Bakıya yönəlib. İştirakçılar iqlim dəyişikliyi və ətraf mühitin mühafizəsi kimi ən aktual qlobal çağırışları müzakirə edirlər.

"Azərbaycan beynəlxalq tədbirlərdə uğurlu iştirakla bağlı zəngin təcrübəyə malikdir. Şübhə yoxdur ki, COP29 qlobal ictimaiyyət üçün daha bir əlamətdar hadisə olacaqdır", - o bildirib.

Öz növbəsində, IPU-nun baş katibi Martin Çunqonq əlavə edib ki, COP29 çərçivəsində parlamentarilərin görüşü ən böyük və ən məhsuldar parlament tədbirlərindən biri kimi tarixə düşəcək.

"Əminəm ki, bu görüş bizim indiyə qədər təşkil etdiyimiz ən böyük və ən məhsuldar parlament tədbirlərindən biri kimi tarixə düşəcək. Təqdim olunan yekun sənəd mümkün qədər çox sayda parlamentarinin fikirlərini özündə cəmləşdirməyə çalışan geniş məsləhətləşmə prosesinin nəticəsidir. Bu səy hər birinizin bu sənəddə olan tövsiyələri yerinə yetirmək üçün sahiblik hissi və öhdəliyə malik olmasını təmin etmək məqsədi daşıyır. Sənədi parlamentlər üçün fəaliyyət planı kimi qiymətləndirmək olar. Sənəd, parlamentlərin qəbul etməyə hazır olduqları konkret və icra edilə bilən öhdəlikləri aydın şəkildə müəyyən edir. Bu sənəd həm də birlik gücünün simvoludur", - o bildirib.

Qeyd edək ki, 16-17 noyabr tarixlərində Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü keçirilib. Iki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti