...

Yaşıl keçidi sürətləndirmək üçün daha çox maliyyə lazımdır - Finlandiyalı deputat

Yaşıl iqtisadiyyat Materials 16 Noyabr 2024 16:21 (UTC +04:00)
Yaşıl keçidi sürətləndirmək üçün daha çox maliyyə lazımdır - Finlandiyalı deputat
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Yaşıl keçidi sürətləndirmək üçün daha çox maliyyə tələb olunur.

Trend xəbər verir ki, bunu COP29 çərçivəsində Azərbaycan Milli Məclisi və Parlamentlərarası İttifaq (IPU) tərəfindən birgə təşkil olunan Parlament Görüşü zamanı keçirilən “İqlim maliyyəsinin qlobal arxitekturasının təhlili: resursların səfərbər edilməsi və iqlim fondlarına çıxışın sadələşdirilməsi” sessiyasında Finlandiya parlamentinin üzvü Krista Mikkonen deyib.

"Yaşıl keçidi sürətləndirmək üçün bizə daha çox maliyyə lazımdır. Nə qədər təxirə salsaq, bir o qədər çətinləşir. İqtisadiyyatın mühüm hissələrini itirmək riskimiz var. Biz bilirik ki, ölkələrin böyük imkanları var və daha zəngin ölkələr az inkişaf etmiş ölkələrə kömək etməlidir. Lakin bu, inkişaf etməkdə olan iqtisadiyyatların öz öhdəliklərindən yayınması üçün bəhanə deyil", - o bildirib.

Mikkonenin sözlərinə görə, 1990-cı illərdə daha az inkişaf etmiş hesab edilən ölkələrin bir çoxu hazırda güclü və inkişaf edən iqtisadiyyatlara malikdir və onlar da emissiyalarını azaltmalıdır.

"Bu, bütün G20 ölkələrinə və bütün Aİ ölkələrinə aiddir. İqlim təhlükəsinə gəldikdə, böyük məbləğdə pul tələb olunur. Bu, o deməkdir ki, bizə təkcə dövlətin maliyyəsi deyil, həm də özəl sektorun vəsaitlərinin səfərbər edilməsi lazımdır", - o bildirib.

Qeyd edək ki, Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü öz işinə başlayıb. Tədbirdə Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, həmçinin Parlamentlərarası İttifaqın Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova iştirak edirlər.

İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirak edir.

Parlament Görüşündə keçiriləcək sessiyalarda İqlim dəyişmələrinin real təsirləri, iqlim öhdəliklərinin reallığa çevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialı tədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiş töhfələrin həyata keçirilməsində parlamentlərin rolu, iqlim maliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı, iqlim dəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyə hərtərəfli və ədalətli yanaşmanın təşviqi, İqlim dəyişmələri ilə mübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilə texnologiyadan istifadə, dəyişən iqlim şəraitində sağlamlıq və qida təhlükəsizliyi səyləri, insan yerdəyişməsinin və iqlim dəyişmələrinin idarə edilməsi və digər mövzularda müzakirələr aparılacaq, yekun sənəd qəbul ediləcək.

Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti