ABŞ-nin 2024-cü il prezident seçkilərindən sonra Donald Trampın mümkün administrasiyası ilə bağlı müzakirələr artıq beynəlxalq siyasi analitiklər arasında ciddi diqqət mərkəzindədir. Trampın yenidən prezident kürsüsünə qayıtması halında onun administrasiyasına daxil olacaq fiqurların pro-erməni mövqeləri və ABŞ-dəki erməni diasporası ilə əlaqələri xüsusi araşdırmaya layiqdir. Bu məqalədə Tulsi Qabbard, Marko Rubio, Robert Kennedi və Vivek Ramasvami kimi tanınmış şəxslərin mövqeləri, bəyanatları və fəaliyyətləri ilə bağlı geniş təhlil təqdim olunur.
Tulsi Qabbard: Sakit okean adasından erməni xidmətçiliyinə
Sabiq konqresvumen və 2020-ci il prezident seçkilərində demokrat namizəd Tulsi Qabbard erməni məsələlərinə dair açıq mövqeləri ilə diqqət çəkib. O, dəfələrlə qondarma "erməni soyqırımı" iddialarını dəstəkləyən bəyanatlar verib və Ermənistan-Azərbaycan münaqişəsində həmişə İrəvanın mövqeyini dəstəkləyib.
Qabbardın mövqeləri ABŞ-dəki güclü erməni diasporası ilə əlaqələri ilə izah edilə bilər. 2017-ci ildə Qabbard Ermənistana rəsmi səfər etmiş, səfər əsnasında Ermənistan hökuməti ilə sıx əlaqələr qurmuşdu. O, səfəri zamanı demişdi: "ABŞ və Ermənistan arasında ortaq tariximiz və dəyərlərimiz var. Ermənistanın müstəqilliyi və güclü əlaqələrimiz çox önəmlidir".
Erməni diasporası ilə əməkdaşlıq edən bir çox lobbi təşkilatları, məsələn, Amerika Erməni Milli Komitəsi (ANCA), Qabbardı dəstəkləyib. Bu dəstək ona seçki kampaniyası zamanı həm maliyyə yardımı, həm də siyasi dəstək şəklində təzahür edib.
ABŞ-nin Milli Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə Tulsi Qabbardın təyinatı təkcə ABŞ siyasi dairələrini təəccübləndirmədi, həm də beynəlxalq səviyyədə ciddi müzakirələrə səbəb oldu. Havay ştatını təmsil etmiş keçmiş konqresvumen, Rusiya yönümlü bəyanatları ilə tanınan Qabbard Donald Tramp administrasiyasının yeni tənqid dalğalarının mərkəzi fiquruna çevrildi.
Xankəndinə qanunsuz səfər
Hələ 2022-ci ildə Ukraynanın “Mirotvorets” təşkilatı Tulsi Qabbardın adını “Ukraynanın düşmənləri” siyahısına daxil etmişdi və onu Rusiyanın informasiya əməliyyatlarında iştirak etməkdə ittiham etmişdi. Belə bir fiqurun ABŞ kəşfiyyatına rəhbərlik etməsi ilə bağlı qərar spekulyasiyaların artmasına səbəb oldu: bu qərarın arxasında kimlər dayanır və məqsəd nədir?
Xüsusilə Qabbardın 7 il əvvəl, l dövrdə erməni işğalında olan Xankəndiyə səfər etməsini unutmaq olmaz. 2017-ci ildə o, digər ermənipərəst siyasətçilərlə birgə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmiş və buna görə Azərbaycan XİN-nin "qara siyahı"sına daxil edilmişdi. Həmin səfər ABŞ-dakı erməni lobbi qruplarının "Dağlıq Qarabağı tanıtmaq" strategiyasının bir hissəsi idi.
Siyasi mimikriya
Tulsi Qabbardın siyasi karyerası da maraqlıdır. Əvvəllər Demokratlar Partiyasının üzvü olan Qabbard 2022-ci ildə partiyadan ayrıldığını elan etdi və 2024-cü ildə Respublikaçılar Partiyasına qoşuldu. Bu dəyişiklik ona respublikaçıların etimadını qazandırsa da, keçmiş partiyadaşlarının tənqidini gücləndirdi.
Ermənistanla əlaqələr və Türkiyə əleyhinə mövqe
Tulsi Qabbard Türkiyəyə qarşı aqressiv, ifrat sərt sərt mövqeyi ilə də tanınır. 2020-ci il 44 günlük İkinci Qarabağ Müharibəsi zamanı o, Ankaranı "münaqişənin gərginləşməsində" ittiham etmiş və Ağ Evi "Türkiyəyə təzyiq göstərməyə" çağırmışdı. Bu yanaşma onu ABŞ-dəki erməni diasporu ilə yaxınlaşdırdı və bu günə qədər onların dəstəyini qazanmasına səbəb oldu.
Qabbard kimi siyasətçilərin bəyanatları ABŞ-Azərbaycan münasibətlərində gərginliyə səbəb olur. Robert Kennedi kimi fiqurların absurd çıxışları da vəziyyəti daha da mürəkkəbləşdirir. Kennedi Qarabağ üzərində Ermənistanın suverenliyini bərpa edəcəyini və separatçılara dəstək verəcəyini vəd etmişdi. Bu cür bəyanatlar Respublikaçıların seçki kampaniyasına təsir etsə də, ABŞ-nin regional siyasətində gərginlik yaradıb.
Tulsi Qabbardın təyinatı ABŞ-nin siyasi kursunun gələcəkdə necə dəyişəcəyinə işarə ola bilər.
Marko Rubio: espublikaçı senatorun "ikili standartları"
Dövlət katibi postuna potensial namizəd olan Marko Rubio da Bakıya qarşı sərt mövqeyi ilə diqqət çəkir.
Marko Rubio ABŞ Senatının tanınmış respublikaçı üzvü, Ermənistan-Azərbaycan münasibətlərində dəfələrlə ermənipərəst mövqelər nümayiş etdirib. Xüsusilə 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Rubio açıq şəkildə Ermənistanı dəstəkləyən bəyanatlar vermiş və Azərbaycanın ərazi bütövlüyü məsələsini gözardı etmişdi.
Rubio 2021-ci ildə verdiyi bir açıqlamada demişdi: "Azərbaycanın hərbi əməliyyatları nəticəsində Ermənistanın mədəni irsi və dini abidələri məhv edilir. Bu məsələyə beynəlxalq səviyyədə diqqət yetirilməlidir".
Bu cür bəyanatlar, ABŞ-dəki erməni diasporasının sifarişi ilə verilir, təbii ki. Şübhə yoxdur ki, ANCA və digər erməni lobbi təşkilatları Rubionun siyasi kampaniyalarına maliyyə dəstəyi verməklə onun mövqelərinə təsir göstərib.
Erməni diasporası ilə əlaqələri
M.Rubio Florida ştatındakı güclü erməni icması ilə çlx sıx təmaslardadır.
Onun seçki kampaniyasında erməni əsilli donorların iştirakı barədə məlumatlar mövcuddur. Bu əlaqələr, Rubionun gələcək administrasiyada mümkün vəzifə tutacağı halda ABŞ-nin Ermənistan siyasətinə təsir göstərə biləcəyi narahatlıqlarını artırır.
Son illərdə ABŞ siyasətində Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı mövqelər müxtəlif fiqurların xarici əlaqələrindən və daxili siyasi hədəflərindən təsirlənib. Bu kontekstdə Florida ştatını təmsil edən senator Marko Rubio xüsusi diqqət çəkir. Rubio təkcə İran və Çin kimi ölkələrə qarşı sərt yanaşması ilə deyil, eyni zamanda ABŞ-dəki erməni diasporu ilə sıx əlaqələri və açıq-aşkar pro-erməni mövqeyi ilə də tanınır.
Rubionun erməni diasporası ilə əməkdaşlığı
Marko Rubio, ABŞ-də fəaliyyət göstərən ən nüfuzlu erməni təşkilatlarından biri olan Erməni Milli Komitəsi (ANCA) ilə əməkdaşlıq edən siyasətçilərdən biridir. ANCA ABŞ siyasətində erməni maraqlarını müdafiə edən ən aktiv lobbi qruplarından biri olaraq tanınır. Bu təşkilat, ABŞ-də fəaliyyət göstərən erməni diasporası vasitəsilə Konqresdəki üzvlərə ciddi təsir göstərə bilir. Rubio ANCA-nın təşəbbüslərini dəstəkləməklə yanaşı, onların dəstəyini də qazanmışdır ki, bu da onun Ermənistan və erməni maraqlarına olan yaxınlığını açıq şəkildə nümayiş etdirir.
Rubionun bu mövqeyi, xüsusən də 2023-cü ilin sentyabr ayında Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror əməliyyatlarına qarşı çıxışı zamanı daha aydın görünür. Rubio, bu əməliyyatları "etnik təmizləmə" adlandırmış və Birləşmiş Ştatları Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Onun təşəbbüsü ilə Senatda Azərbaycana qarşı sanksiyaların tətbiqi üçün qətnamə layihəsi irəli sürülüb. Bu mövqe, Rubionun Ermənistanın və erməni diasporunun maraqlarını açıq şəkildə müdafiə etdiyini göstərir.
Rubionun "erməni sevgisi"nin arxasında nə dayanır?
Marko Rubionun bu cür mövqeyinin bir neçə səbəbi ola bilər:
Siyasi dəstək axtarışı: ABŞ-da erməni diasporası olduqca güclüdür və siyasi kampaniyalarda təsirli rol oynayır. Rubionun erməni diasporası ilə əməkdaşlığı, onun seçki kampaniyalarında bu icmanın dəstəyini qazanmaq üçün bir taktika ola bilər. Geosiyasi maraqlar: Rubionun İran və Çinə qarşı sərt mövqeyi onu Ermənistanı strateji tərəfdaş kimi görməyə vadar edə bilər. Ermənistan, xüsusilə İranla sərhəddə yerləşdiyi üçün ABŞ-nin müəyyən dairələrində önəmli geosiyasi tərəfdaş kimi qəbul edilir. Bu isə Rubionun Ermənistanı dəstəkləməsinə və Azərbaycanla münasibətləri gərginləşdirməsinə səbəb ola bilər. Erməni lobbiçiliyinin təsiri: ANCA kimi təşkilatların ABŞ siyasətçiləri üzərində təsiri geniş yayılmış bir fenomendir. Rubionun da bu təsirdən yan keçməsi çətindir. Onun erməni diasporu ilə sıx əlaqələri bu lobbiçiliyin birbaşa nəticəsi kimi qiymətləndirilə bilər.
Rubionun mövqeyi nələrə səbəb ola bilər?
Marko Rubionun ABŞ dövlət katibi postuna təyin olunma ehtimalı ciddi müzakirələrə səbəb olmuşdur. Təyinatın baş tutması ehtimalı çox yüksəkdir. Əgər bu baş verərsə, onun Azərbaycana qarşı sərt mövqeyi və erməni maraqlarını müdafiə edən siyasəti ABŞ-Azərbaycan münasibətlərinə mənfi təsir göstərə bilər.
Rubionun dövlət katibi kimi fəaliyyəti zamanı mümkün təsirlər bunlardır:
- Azərbaycan-Ermənistan münasibətlərinə müdaxilə: ABŞ-ın Ermənistanın tərəfini açıq şəkildə tutması bölgədəki sülh prosesinə mənfi təsir göstərə bilər. Bu, Azərbaycanı alternativ tərəfdaşlarla əməkdaşlığa məcbur edə bilər.
- Ermənistanın dəstəklənməsi: Ermənistanın ABŞ-dən daha çox hərbi və maliyyə yardımı alması, bölgədə güc balansını dəyişdirə bilər.
- Azərbaycanın mövqeyinə qarşı təzyiq: ABŞ-nin Azərbaycanın enerji layihələrinə qarşı sanksiyalar tətbiq etməsi və ya Avropaya qaz tədarükünə mane olması ehtimalı yaranır.
Daha bir "erməni sevdalısı" - Robert Kennedi
Tanınmış siyasi fiqur və ekoloji fəal Robert Kennedison illərdə Ermənistanla bağlı məsələlərdə dəfələrlə mövqe bildirib. O, xüsusilə erməni soyqırımı iddialarını açıq şəkildə dəstəkləyib və ABŞ hökumətini bu məsələdə qətiyyətli addımlar atmağa çağırıb.
Kennedi 2023-cü ildə bir tədbirdə demişdi: "Biz tarixdə baş verən faciələrə göz yuma bilmərik. Ermənilərin məruz qaldığı soyqırımı tanımaq, yalnız tarixi ədalətin bərpası deyil, həm də gələcəkdə bu cür cinayətlərin qarşısını almaq üçün vacibdir".
R.Kennedinin bu cür bəyanatları onun Ermənistan diasporası ilə sıx əlaqələrindən qaynaqlanır. ABŞ-dəki erməni icmaları ilə münasibətləri onun siyasi gündəmində əhəmiyyətli rol oynayır.
ABŞ prezidentliyinə namizədliyini irəli sürən və daha sonra müstəqil namizədliyindən imtina edərək Donald Trampın tərəfinə keçən Robert Kennedi-yə ABŞ-dəki erməni diasporunun açıq dəstəyi heç kim üçün sirr deyil. Kennedi, Ermənistanın və ABŞ erməni diasporunun maraqlarını dəstəkləyən açıqlamaları ilə diqqət çəkmiş, xüsusilə də Azərbaycanla bağlı mövqeyi ilə gündəmdə olmuşdur. Bu məqalədə Robert Kennedinin erməni diasporu ilə əlaqələri, onun pro-erməni siyasəti və bu siyasətin arxasında duran amillər ətraflı təhlil ediləcək.
ABŞ-də güclü siyasi təsirə malik olan erməni diasporu müxtəlif dövrlərdə öz maraqlarını irəli sürmək üçün fərqli siyasi fiqurlara dəstək verib. Robert Kennedi də bu dairələrin diqqət mərkəzində olan şəxslərdən biri idi. Onun seçki kampaniyası müddətində erməni diasporu tərəfindən maliyyə və siyasi dəstək alması barədə müxtəlif məlumatlar mövcuddur. Kennedi, xüsusən də ABŞ-dəki erməni təşkilatlarının maliyyə yardımları və təbliğatı ilə müəyyən siyasi dairələrdə diqqət çəkməyə çalışmışdır.
Kennedinin bəyanatları onun erməni maraqlarına xidmət edən bir namizəd kimi tanınmasına səbəb olmuşdur. O, prezident seçiləcəyi təqdirdə "Dağlıq Qarabağ üzərində Ermənistanın suverenliyini bərpa etmək" vədini vermiş, həmçinin, "qarabağlı ermənilərin öz müqəddəratını təyinetmə hüququnu təmin etmək" fikirlərini səsləndirib. Bu kimi bəyanatlar ABŞ-dəki erməni diasporunun gözləntilərinə tam uyğun idi və Kennedinin onları qane etmək cəhdini nümayiş etdirirdi.
ABŞ-də siyasi proseslərdə təsir gücünü qoruyub saxlamaq üçün erməni diasporu yalnız əsas siyasi partiyaların namizədləri ilə deyil, həm də müstəqil və ya zəif namizədlərlə də əməkdaşlıq etməyə çalışır. Həm Demokratlar, həm də Respublikaçılar partiyalarının liderləri – Co Bayden və Donald Tramp – "erməni məsələsindən" uzaq durmağa çalışdıqları bir dövrdə diaspor Robert Kennedi və Vivek Ramasvamini dəstəkləməyə üstünlük verdi.
Kennedi diasporun dəstəyi ilə Trampın komandasına yaxınlaşmağa çalışdı və ona "erməni məsələsini" gündəmə gətirməkdə israr etdi. Kennedinin bu səyləri nəticəsində Tramp seçkilərə bir neçə gün qalmış "Truth Social" platformasında "Artsax" ifadəsini işlədərək erməni tərəfini dəstəklədiyini bildirdi. Bu açıqlamada Tramp ABŞ-ın hazırkı vitse-prezidenti Kamala Harrisi "ermənilərin müdafiəsində fəaliyyətsizlikdə" ittiham etdi və seçkilərdə qalib gələrsə, "etnik təmizləmələrə son qoyacağını" və Ermənistanla Azərbaycan arasında sülhü bərpa edəcəyini vəd etdi.
Robert Kennedinin siyasi mövqeyinə nəzər yetirdikdə, onun ABŞ-nin əsas siyasi maraqları ilə deyil, daha çox müəyyən etnik qrupların lokal maraqlarına xidmət etdiyi aydın olur. Bu, Kennedinin siyasi karyerasına zərbə vurdu, çünki ABŞ ictimaiyyətində belə mövqelər birmənalı qarşılanmır. Kennedinin bəyanatlarında "erməni məsələsi"ni qabartması və Azərbaycan əleyhinə çıxışlar etməsi ABŞ-ın siyasi maraqlarına deyil, daha çox erməni diasporunun məqsədlərinə xidmət etdiyini göstərdi.
Erməni diasporunun Kennedi üzərindəki təsiri və onun ermənipərəst mövqeyi ABŞ-nin digər siyasi dairələrində əks-səda doğurmadı. Trampın son anda erməniləri dəstəkləyən bəyanatlarına baxmayaraq, Ermənistan ictimaiyyəti Trampın vədlərinə şübhə ilə yanaşdı. Bu isə bir daha göstərdi ki, erməni diasporunun ABŞ-dəki siyasəti daha çox simvolik addımlarla məhdudlaşır və bu addımların praktik nəticələri olmur.
Gələcəkdə erməni diasporunun ABŞ-dəki siyasi təsirini qoruyub saxlamaq üçün daha böyük oyunçulara deyil, daha az nüfuzlu namizədlərə fokuslanmağa davam edəcəyi ehtimal edilir. Bu isə ABŞ siyasətində onların təsirini zəiflədir və uzunmüddətli perspektivdə diasporun strategiyalarına yenidən baxmasını zəruri edir.
Robert Kennedinin prezidentlik kampaniyası ABŞ-dəki erməni diasporunun təsirinin bir daha üzə çıxmasına səbəb oldu. Onun pro-erməni mövqeyi və absurd bəyanatları ABŞ ictimaiyyətində ciddi qəbul edilməsə də, erməni diasporunun maraqlarını irəli sürməkdə istifadə olunan bir alət kimi diqqət çəkdi. Bununla belə, Kennedi və onun kimilərin ABŞ siyasətindəki real təsir gücü sual altındadır və bu, erməni diasporunun uzunmüddətli strategiyalarının nə dərəcədə uğurlu olacağını yenidən düşünməyə vadar edir.
Vivek Ramasvami: Gənc milyarderin erməni "tutqu"su
Hind əsilli milyarder Vivek Ramasvami 2024-cü il prezident seçkilərində respublikaçı namizəd olaraq diqqət çəkib. O, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı birbaşa bəyanatlar verməsə də, onun bəzi mövqeləri dolayısı ilə Ermənistanı dəstəklədiyini göstərir. Ramasvaminin ABŞ-dəki erməni diasporası ilə iqtisadi əlaqələri barədə məlumatlar mövcuddur.
Ramasvaminin bir neçə startap layihəsinə erməni əsilli iş adamlarının investisiya qoyduğu iddia edilir. Bu əlaqələr, onun Ermənistanla bağlı məsələlərdə neytral mövqedən uzaq ola biləcəyini göstərir.
ABŞ-də baş verən siyasi proseslər dünya siyasətinə mühüm təsir göstərir və bu proseslərin iştirakçılarının mövqeləri qlobal miqyasda diqqətlə izlənilir. Bu kontekstdə, ABŞ prezidentliyinə namizəd olmuş, indi isə ABŞ hökumətinin iş səmərəliliyini artırmaq üzrə Agentliyin rəhbərliyinə təyin edilən hind əsilli biznesmen Vivek Ramasvaminin Ermənistan və erməni lobbisi ilə əlaqələri xüsusi diqqətə layiqdir. Onun seçki kampaniyası zamanı və sonrakı dövrlərdə göstərdiyi açıq-aşkar proerməni mövqeyi həm Azərbaycanda, həm də beynəlxalq ictimaiyyətdə ciddi suallar doğurur.
Vivek Ramasvaminin seçki kampaniyası dövründə göstərdiyi mövqe onun erməni lobbisinin maraqlarına uyğun siyasət yürütmək niyyətində olduğunu nümayiş etdirirdi. O, Azərbaycana qarşı ittihamlar irəli sürərək, Ermənistanın separatçı maraqlarını dəstəklədiyini açıq şəkildə ifadə etmişdi. Ən qalmaqallı çıxışlarından biri zamanı Ramasvami, Ermənistanın 44 günlük Vətən müharibəsi zamanı Bərdəyə raket zərbələri endirməsini Azərbaycan tərəfindən "erməni şəhərlərinin dağıdılması" kimi təqdim etmişdi. Bu, onun reallıqları təhrif edərək Ermənistanın maraqlarına xidmət etdiyini göstərən bariz nümunədir.
Bundan əlavə, Ramasvami prezident seçiləcəyi təqdirdə Azərbaycanın ərazi bütövlüyünü pozacaq bir addım atacağını və "qarabağlı ermənilərin müstəqilliyini tanıyacağı"nı bəyan etmişdi. Bu, onun Ermənistanın təcavüzkar siyasətini açıq şəkildə dəstəklədiyini və beynəlxalq hüququn əsas prinsiplərinə zidd mövqedə dayandığını təsdiqləyir.
ABŞ-də erməni lobbisinin güclü təsir gücü uzun illərdir məlumdur. Erməni diasporunun müxtəlif siyasətçilərə və ictimai xadimlərə təsir etməsi, onları Ermənistanın maraqlarını müdafiə etməyə sövq etməsi artıq geniş müzakirə olunan bir məsələdir. Ramasvaminin siyasi fəaliyyətinin erməni lobbisinin dəstəyi ilə əlaqələndirilməsi üçün ciddi əsaslar var. Onun seçki kampaniyasını maliyyələşdirən şəxslər arasında erməni əsilli biznesmenlərin və təşkilatların olması barədə məlumatlar ictimaiyyətə məlum olub. Bu dəstək, şübhəsiz ki, onun mövqeyinə təsir edib və onu Ermənistanın maraqlarını qorumağa yönəldib.
V.Ramasvaminin Ermənistanla olan münasibətləri də diqqət çəkir. Onun Ermənistan hökuməti ilə qeyri-rəsmi təmasları barədə məlumatlar mövcuddur. Ermənistan hökumətinin təbliğat maşını Ramasvaminin çıxışlarından tez-tez istifadə edərək, onun Azərbaycana qarşı sərt tənqidlərini öz maraqlarına uyğun təqdim edib. Ermənistan mətbuatında Ramasvami "erməni dostu" kimi xarakterizə edilir və onun fikirləri geniş işıqlandırılır. Bu, onun Ermənistanın təbliğat kampaniyasına dolayı şəkildə dəstək verdiyini göstərir.
Vivek Ramasvaminin ermənipərəst mövqeyi və erməni lobbisi ilə əlaqələri Azərbaycan üçün həm beynəlxalq diplomatiyada, həm də ABŞ ilə ikitərəfli münasibətlərdə müəyyən problemlər yarada bilər. Onun ABŞ hökumətində mühüm vəzifə tutması ehtimalı erməni diasporasının Azərbaycana qarşı fəaliyyətini gücləndirmək potensialına malikdir. Bununla yanaşı, Azərbaycan hökuməti və diasporu Ramasvaminin mövqeyinə qarşı səylərini artırmalı və onun reallıqları təhrif edən açıqlamalarını ifşa etmək üçün daha aktiv iş aparmalıdır.
Ramasvaminin fəaliyyəti bir daha göstərir ki, beynəlxalq siyasətdə erməni lobbisinin təsiri nə qədər geniş və təhlükəli ola bilər. Azərbaycan diplomatiyasının bu kimi təhdidlərə qarşı mübarizədə daha təsirli addımlar atması vacibdir.
... Donald Trump-ın yenidən prezident seçilməsi və bu fiqurların administrasiyada yüksək vəzifələr tutması halında ABŞ-ın Ermənistan-Azərbaycan siyasətində balansın pozulacağı ehtimalı artır. Bu, xüsusilə Ermənistanın ABŞ-dan daha çox hərbi və siyasi dəstək alması ilə nəticələnə bilər.
Müxtəlif siyasi ekspertlərin fikrincə, ABŞ-dakı erməni diasporasının Trump administrasiyasına təsiri, yalnız erməni lobbi təşkilatlarının fəaliyyəti ilə məhdudlaşmır. Bu təsir, həm də ABŞ-ın Yaxın Şərq və Qafqazdakı strateji maraqlarına zidd olaraq Ermənistanın mövqelərinin güclənməsinə gətirib çıxara bilər.
Əgər Tramp administrasiyası erməni gündəmini dəstəkləmək qərarına gəlsə, bu, Cənubi Qafqazdakı güc balansını dəyişməklə bağlı Ermənistanın xülyalarını və revanşizmini gücləndirə bilər. Eyni zamanda, bu cür qərarlar beynəlxalq ziddiyyətləri artıracaq və ABŞ-ı neytral vasitəçidən çox münaqişənin fəal iştirakçısına çevirəcək.
Belə bir inkişaf təkcə Bakının deyil, həmçinin Ankaranın, Moskvanın və Tehranın diplomatik strategiyalarının yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər, çünki yaşana biləcək proseslər regionda ABŞ-ın mövqeyinin güclənməsi onların maraqlarına birbaşa təhdid kimi qəbul ediləcək.
Azərbaycan belə fiqurlara qarşı beynəlxalq platformalarda öz haqlı mövqeyini müdafiə edəcək.Ölkə, xüsusilə də BMT, ATƏT və digər beynəlxalq təşkilatlarda Ermənistanın Qarabağda həyata keçirdiyi əsl "etnik təmizləmə" siyasətini və 30 il ərzində Azərbaycanın tarixi torpaqlarına vurduğu zərəri faktlarla təqdim edəcək. Bundan əlavə:
ABŞ-dəki Azərbaycan diasporunun gücləndirilməsi: ABŞ-dakı azərbaycanlı icmaların aktivləşdirilməsi və Azərbaycan həqiqətlərinin bu ölkədə daha geniş yayılması vacibdir. Diplomatik fəaliyyətin artırılması: Azərbaycan xarici işlər nazirliyi və səfirlikləri ABŞ siyasətçiləri ilə daha sıx əlaqələr qurmalı və ölkəmizin mövqeyini dəstəkləyən müttəfiqləri ilə əməkdaşlığı gücləndirməlidir. Alternativ tərəfdaşların axtarılması: ABŞ-ın mümkün təzyiqlərinə qarşı Azərbaycan Avropa İttifaqı, Çin, Türkiyə və digər tərəfdaşlarla münasibətləri genişləndirməlidir.
... Donald Trampın mümkün administrasiyasında yer ala biləcək ermənipərəst fiqurlar təbii ki, ermənilərin illüziyalarını gücləndirir.
Fəqət, onlar illüziya olaraq qalır.