...

Özbəkistan ölkəni İT mərkəzinə çevirməyə çalışır - Şerzod Şermatov

Cəmiyyət Materials 16 Noyabr 2024 10:34 (UTC +04:00)
Özbəkistan ölkəni İT mərkəzinə çevirməyə çalışır - Şerzod Şermatov
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistan ölkəni İT mərkəzinə çevirməyə çalışır.

Trend xəbər verir ki, bunu Özbəkistanın rəqəmsal texnologiyalar naziri Şerzod Şermatov “Yaşıl Rəqəmsal Fəaliyyət” mövzusunda keçirilən yüksək səviyyəli dəyirmi masada deyib.

“Biz ölkəmizi İT mərkəzinə çevirməyə, İT şirkətləri üçün rəqabət mühiti yaratmağa çalışırıq ki, onlar ölkəmizə gələrək öz bizneslərini inkişaf etdirə bilsinlər. Çalışırıq ki, onlar Özbəkistanda özlərini evlərindəki kimi hiss etsinlər.

Eyni zamanda, biz rəqəmsal texnologiyalardan insanların həyatını yaxşılaşdırmaq üçün istifadə edirik. Məsələn, dövlət xidmətlərinin 80 faizdən çoxu artıq onlayn təqdim olunur. Bu, həmçinin vətəndaşlar və biznes üçün rəqəmsal izi azaltmağa imkan verir, çünki xidmətlər üçün ofisdən ofisə hərəkət etməyə ehtiyac qalmır.

Bununla yanaşı, süni intellektin məlumat mərkəzlərinə artan tələbatını nəzərə alaraq, biz Səudiyyə Ərəbistanından olan tərəfdaşlarımızla əməkdaşlıq çərçivəsində tamamilə karbon emissiyasız məlumat mərkəzinin yaradılmasını təşəbbüs edirik. Bu, süni intellekt xidmətləri üçün rəqəmsal enerji sahəsində potensialımızı daha effektiv istifadə etməyə imkan verəcək”, - deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti