Bakı. Trend:
Rumıniya "yaşıl" keçidə fəal şəkildə hazırlaşır.
Trend xəbər verir ki, bunu Rumıniya Baş nazirinin "yaşıl" keçid və iqlim dəyişikliyi məsələləri üzrə dövlət müşaviri Alina Kaleya COP29 çərçivəsində Karbon Emissiyalarının İdarə Edilməsi üzrə Nazirlər Konfransında çıxışı zamanı bildirib.
“Rumıniya bu sahədəki inkişafı diqqətlə izləyir və vaxtında düşünülmüş tədbirlər görməyə çalışır. İqlim dəyişikliyi məsələləri Rumıniya hökumətinin diqqət mərkəzindədir. Təxminən üç il əvvəl biz dövlət idarəetmə sistemimizdə unikal olan xüsusi bir işçi qrup yaratdıq. Bu qrup dövlət və iqtisadi operatorlar arasında tərəfdaşlıq çərçivəsində "yaşıl" keçidi dəstəkləməyə yönəlib”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, Rumıniyada bir neçə ildir ki, hökumət və biznes arasında "yaşıl" keçidlə bağlı fəal dialoq aparılır. Xüsusilə enerji sektorunda metan emissiyalarının azaldılması, biometan istehsalının inkişafı və digər ekoloji təşəbbüslərə diqqət yetirilir.
Hökumət yanında xüsusi işçi qrupu ekoloji təmiz texnologiyaların təşviqinə cavabdeh olan bütün dövlət qurumlarını və bu proseslərdə iştirak etməkdə maraqlı olan iqtisadi operatorları birləşdirir.
“Hazırda karbonun tutulması və saxlanması (CCS) üzrə həyata keçirilən layihələrimiz yoxdur, lakin əvvəllər bu sahədə bir layihəmiz olmuşdu ki, bu da bizə belə təşəbbüslərin hazırlanmasında dəyərli təcrübə qazandırdı. Hazırda milli qanunvericilik və institusional arxitekturanın tənzimlənməsini başa çatdırmağa yaxınıq, bu isə bizə bu sahədə ilk strategiya və planı təqdim etməyə imkan verəcək”, – deyə Alina Kaleya əlavə edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.