Bakı. Trend:
İnkişaf etməkdə olan bazarlar və iqtisadiyyatlar üçün daha yaxşı şərtlərlə əlçatan maliyyələşdirməni təmin etmək vacibdir.
Trend xəbər verir ki, bunu Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera COP29 çərçivəsində keçirilən enerji təşəbbüsləri üzrə Nazirlər Dialoqu zamanı bildirib.
"2030-cu ilə qədər bərpa olunan enerji, şəbəkələr, çeviklik, enerji səmərəliliyi və enerji saxlanmasına investisiyalar üçün 31,5 trilyon ABŞ dolları tələb olunacaq. Yeni maliyyə məqsədi bu istiqamətdə aydın siqnal verməlidir. IRENA burada COP29-un sədrinin Paris Sazişinin həyata keçirilməsi və enerji keçidi vasitəsilə iqlim tədbirlərinə investisiyaların cəlb olunması üçün "yaşıl" enerji üzrə üç təşəbbüsü qəbul etmək çağırışını dəstəkləmək üçün var.
Həmrəylik göstərərək, investorlar, sənaye və vətəndaş cəmiyyəti üçün yaşıl enerji investisiyalarının sürətləndirilməsinin zəruriliyi barədə aydın siqnal verəcəyik", - deyə o qeyd edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.