...

COP29-a ev sahibliyi etməyimiz beynəlxalq ictimaiyyətin bu sahədəki səylərimizi tanımasının göstəricisidir - Baş prokuror

Cəmiyyət Materials 15 Noyabr 2024 12:18 (UTC +04:00)
COP29-a ev sahibliyi etməyimiz beynəlxalq ictimaiyyətin bu sahədəki səylərimizi tanımasının göstəricisidir - Baş prokuror
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Bu tədbir iqlim fəaliyyətinə dair mühüm məsələləri müzakirə etmək və biomüxtəlifliyin qorunması, ekoloji cinayətlərə qarşı mübarizə, karbon emissiyalarının azaldılması üçün hüquq-mühafizə orqanlarının səylərini gücləndirmək baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsləri ölkənin yaşıl enerji təşəbbüslərinə və ətraf mühitin mühafizəsinə bağlılığını nümayiş etdirir. COP29-a ev sahibliyi etməyimiz beynəlxalq ictimaiyyətin bu sahədəki səylərimizi tanımasının göstəricisidir.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Mavi Zonada keçirilən "İqlim dəyişikliyi ilə mübarizədə hüquq- mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyada deyib.

Kamran Əliyev həmçinin çıxışında Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini və daxili işlər naziri general-leytenant Şeyx Seyf bin Zayed Əl Nəhyana konfransın həmsədri kimi göstərdiyi liderliyi və BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin ekoloji cinayətlərə qarşı mübarizədə dəstəyini yüksək qiymətləndirib.

Baş Prokuror Azərbaycanın ətraf mühitin qorunması sahəsində mühüm nailiyyətlər əldə etdiyini vurğulayıb. O, 2024-cü ilin Azərbaycanda “Yaşıl Dünya Naminə Həmrəylik ili” elan edildiyini və ölkənin ekoloji cinayətlərə qarşı sərt cəzalar tətbiq etdiyini qeyd edib.

Kamran Əliyev əlavə edib ki, Baş Prokurorluq iyun ayında Azərbaycanın Xankəndi şəhərində "Ətraf mühitin gücləndirilməsində maarifləndirmə və hüquq-mühafizə tədbirlərinin rolu" mövzusunda konfrans təşkil edib.

Baş Prokuror Azərbaycanın gələcək hədəflərinin qanunların effektiv icrası, rəqəmsal iş sistemi, ekoloji nəqliyyat, meşə bərpası, dayanıqlı enerji istifadəsi, günəş və külək enerjisindən istifadə ilə bağlı olduğunu açıqlayıb.

“Gəlin, gələcək nəsillər üçün planetimizi qoruyaq”, – deyə Kamran Əliyev çıxışını yekunlaşdırıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Xəbər lenti

Xəbər lenti