...

Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib

İqtisadiyyat Materials 15 Noyabr 2024 10:44 (UTC +04:00)
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Energetika Nazirliyi Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) ilə birlikdə “Mərkəzi Asiyada Sürətləndirilmiş Bərpa Olunan Enerji Tərəfdaşlığı” (APRECA) adlı proqram təsis edib.

Trend xəbər verir ki, proqram COP29 çərçivəsində təşkil olunmuş Mərkəzi Asiyada Enerji keçidi üzrə İnvestisiya Forumunda təqdim olunub.

Forumda Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Birləşmiş Ərəb Əmirliklərindən nazirlər və nazir müavinləri iştirak ediblər. Onlar Mərkəzi Asiya ölkələrində artan enerji tələbatını ödəmək, enerji mənbələrinin müxtəlifliyini təmin etmək, iqtisadi artımı dəstəkləmək və iqlim məqsədlərinə nail olmaq üçün yaşıl enerjidən istifadəni artırmağın yollarını müzakirə edib.

Qeyd olunub ki, APRECA proqramı Mərkəzi Asiya ölkələrinin potensialını səfərbər edərək regional əməkdaşlıq çərçivəsində investisiyaların genişləndirilməsini, regionlararası əlaqələrin gücləndirilməsini və sosial-iqtisadi faydaların artırılmasını hədəfləyir.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti