...

AİB Azərbaycan, Özbəkistan və Qazaxıstanın "yaşıl dəhliz" layihəsinə dəstək məqsədilə qrant ayıracaq - Pərviz Şahbazov

İqtisadiyyat Materials 15 Noyabr 2024 10:11 (UTC +04:00)
AİB Azərbaycan, Özbəkistan və Qazaxıstanın "yaşıl dəhliz" layihəsinə dəstək məqsədilə qrant ayıracaq - Pərviz Şahbazov
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Mən Asiya İnkişaf Bankına (AİB) "yaşıl dəhliz" layihəsinə dair məsləhət xidmətlərinin, o cümlədən texniki-iqtisadi əsaslandırmanın hazırlanması və birgə müəssisənin yaradılmasına dəstək məqsədilə 225 min ABŞ dolları məbləğində qrant ayırmaq qərarına görə təşəkkürümü bildirirəm.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov Mərkəzi Asiyada bərpa olunan enerji mənbələrinə əsaslanan enerji keçidinin təşviqi üzrə Nazirlər Dialoqu zamanı deyib.

“Cəmi iki gün əvvəl COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “yaşıl” enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında hökumətlərarası saziş yüksək səviyyədə imzalanıb”, – deyə o bildirib.

Nazir əlavə edib ki, həmçinin Səudiyyə Ərəbistanının bu üçtərəfli layihədə əsas tərəfdaş rolunu təsdiqləyən sənəd də imzalanıb. Bu hadisə beynəlxalq enerji əməkdaşlığına və ətraf mühitə yönəlmiş investisiyalara mühüm strateji təkan verərək regionu vahid geo-iqtisadi məkana çevirmək üçün ölkələr arasında strateji tərəfdaşlıqların yaradılmasına və möhkəmləndirilməsinə yönəlmiş əhəmiyyətli addımdır.

“Bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə böyük önəm verilir. Bu saziş Azərbaycan ilə Qazaxıstan və Özbəkistan da daxil olmaqla, Mərkəzi Asiya ölkələri arasında qardaşlıq, dostluq və strateji əlaqələri əks etdirərək, “yaşıl” enerji dəhlizinin yaradılması, regionda inteqrasiya olunmuş elektrik bazarlarının inkişafı və bərpa olunan enerjinin digər bölgələrə ixracına şərait yaradır”, – deyə Pərviz Şahbazov vurğulayıb.

Onun sözlərinə görə, milli enerji şirkətləri tərəfindən səhmdarlar müqaviləsinin imzalanması və birgə müəssisənin yaradılması layihənin uğurlu həyata keçirilməsi üçün əsas mərhələlərdən olacaq. Hazırda birgə müəssisə yaradıldıqdan sonra Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin inteqrasiyasının texniki-iqtisadi əsaslandırması üzərində işə başlanması planlaşdırılır. Layihəyə CESI konsaltinq şirkəti cəlb edilib.

“Eyni zamanda qeyd etmək istəyirəm ki, bu layihə əslində yalnız Azərbaycan, Qazaxıstan və Özbəkistanla məhdudlaşmır. Geniş hidroresurslara malik Qırğızıstan və Tacikistan da gələcəkdə bu layihəyə qoşula bilər və onların hidroresursları dəyişkən bərpa olunan enerji mənbələrinin balanslaşdırılmasında istifadə edilərək, bu layihəyə dəyər qatacaqdır”, – deyə o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti