Bakı. Trend:
COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.
Budəfəki müsahibimiz: İsrailin Ətraf Mühitin Mühafizəsi Nazirliyində iqlim dəyişikliyi üzrə baş meneceri Qil Proaktordur.
COP29 çərçivəsində Q. Proaktor Trend-ə özəl müsahibəsində, ümumilikdə Azərbaycanın hökuməti tərəfindən görülən möhtəşəm işləri və böyük səyləri qeyd edib.
“Tədbir çox yaxşı təşkil olunub. Biz möhtəşəm səylərin şahidiyik. Bu artıq çox uğurlu bir tədbirdir və biz Azərbaycanın sədrliyinin əla iş gördüyünü düşünürük. Ümid edirik ki, nümayəndələr sonda iqlim dəyişikliyi ilə bağlı ən mühüm məsələlər üzrə əhəmiyyətli razılıq və qərarlara gələcəklər”, – deyə o bildirib.
Q. Proaktor hesab edir ki, ən aktual məsələlərdən biri, şübhəsiz ki, inkişaf etməkdə olan ölkələrə öz ambisiyalı milli səviyyədə müəyyən edilmiş töhfələrini (NDC) həyata keçirmək üçün vəsait əldə etməyə imkan verən bir sistemin yaradılmasıdır.
“Düşünürəm ki, bu son dərəcə vacibdir, çünki biz qlobal olaraq emissiyaları azaltmaq və 1,5 ilə 2 dərəcə arasında hədəfə çatmaq istəyirik. Biz 2 dərəcə həddini aşmamaq üçün daha çox səy göstərməliyik. Bu, son dərəcə vacibdir. Bundan əlavə, biz Paris Sazişinin 6-cı maddəsi üzrə uğurlu bir razılıq görmək istəyirik. Bu maddədə əks olunan qaydalar çox əhəmiyyətlidir və layihələr üçün özəl maliyyələşdirməni açmağa imkan verən rahatlığı təmin edir”, – deyə o əlavə edib.
Bundan əlavə, Q.Proaktor qeyd edib ki, kiçik ada dövlətləri və ən az inkişaf etmiş ölkələr iqlim dəyişikliyinin əsas yükünü daşıyır.
“Kiçik ada dövlətləri ən böyük risk altındadır və bəzilərinin sakinləri hətta öz evlərini itirirlər. Buna görə də temperaturun məhdudlaşdırılması ilə bağlı konkret bir qərar olmalıdır, çünki bu, dəniz səviyyəsinin artmasının və nəticədə kiçik ada dövlətlərinə dəyən zərərin əsas səbəbidir”, – deyə o bildirib.
Q.Proaktor bu ölkələrə kömək edəcək qərarların qəbul edilməsinin vacib olduğunu vurğulayıb.
“Bu kömək Texnologiya, bilik və təcrübə mübadiləsi şəklində ola bilər. Adaptasiya son dərəcə vacibdir. Bu baxımdan İsrail adaptasiya sahəsində böyük işlər görür, həmçinin, təmiz su əldə etmə, kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyi sahələrində bir çox texnologiyalara liderlik edir. Biliklərin və texnologiyaların ötürülməsi və dəstək bu baxımdan olduqca əhəmiyyətlidir”, – deyə o bildirib.
Q.Proaktor hesab edir ki, İsrail iqlim dəyişikliyi ilə mübarizə sahəsində həll yollarının hazırlanmasında mühüm rol oynayır.
“İsrail “təmiz” texnologiyalar və “təmiz” həllər üzrə dünya mərkəzidir. Burada İsraildən müxtəlif şirkətlərin nümayəndələri iştirak edir. Biz İsrail şirkətləri ilə digər ölkələrin şirkətləri, həmçinin, hökumətlər arasında əməkdaşlığı inkişaf etdirməyə çalışırıq. İsrail su qıtlığının aradan qaldırılması, enerji, nəqliyyat və digər sahələrdə bir çox həllər təklif edə bilər”, – deyə o yekunlaşdırıb.