Bakı. Trend:
2025-ci ilin ilk üç rübü ərzində bp şirkəti və onun konsorsium üzrə tərəfdaşları Azərbaycandakı “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsi çərçivəsində təxminən 388 milyon dollar əməliyyat xərclərinə və təxminən 912 milyon dollar kapital xərclərinə yönəldiblər.
Trend bp-yə istinadən xəbər verir ki, müqayisə üçün 2024-cü ilin eyni dövründə əməliyyat xərcləri təxminən 402 milyon dollar, kapital xərcləri isə təqribən 968 milyon dollar təşkil etmişdi. Beləliklə, əməliyyat xərcləri illik ifadədə 3,5 faiz, kapital xərcləri isə 5,8 faiz azalıb.
Layihənin operatoru “Azəri-Çıraq-Günəşli” yataqları blokuna dair hasilatın pay bölgüsü sazişi (PSA) iştirakçıları adından “BP Exploration (Caspian Sea) Limited” şirkətidir.
Layihədə iştirak payları aşağıdakı kimi bölünüb: bp (30,37%), SOCAR (31,65%), MOL (9,57%), INPEX (9,31%), ExxonMobil (6,79%), TPAO (5,73%), ITOCHU (3,65%) və ONGC Videsh (2,92%).
