Bakı.Trend:
8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunub. Bu gün Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Biz bu günü hər zaman böyük sevinc və fəxarətlə yad edəcəyik. Bu şanlı tarix Azərbaycan xalqının əzmini, birliyini, dövlətimizin gücünü, yenilməz və rəşadətli Ordumuzun qəhrəmanlığını bir daha dünyaya sübut etdi.
Trend xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov 8 Noyabr- Zəfər Günü münasibətilə keçirilən tədbirdə bildirib.
O deyib ki, Azərbaycan əsgəri döyüş meydanında, xalq isə arxa cəbhədə bir məqsədlə - Vətən uğrunda qalib gəlmək əzmi ilə birləşib: "Hər bir vətəndaş bu Qələbəyə öz töhvəsini verdi. 44 günlük Vətən müharibəsi tarixdə həm də vətənpərvərliyin, həmrəyliyin və fədakarlığın ən ali nümunəsi kimi qalacaq".