...

OPEK fondu Azərbaycanda infrastrukturun inkişafına iri məbləğdə vəsait ayıracaq

İqtisadiyyat Materials 6 Noyabr 2025 15:43 (UTC +04:00)
OPEK fondu Azərbaycanda infrastrukturun inkişafına iri məbləğdə vəsait ayıracaq
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

OPEK-in Beynəlxalq İnkişaf Fondu Azərbaycandakı inkişaf layihələrinin maliyyələşdirilməsi məqsədilə qarşıdakı 3 il ərzində 1 milyard ABŞ dolları həcmində vəsait ayıracaq.

Trend bu barədə Fondun məlumatına istinadən xəbər verir.

Məbləğ su təchizatı və sanitariya sistemləri, nəqliyyat əlaqəliliyi və dayanıqlı şəhər inkişafı sahələrində investisiyaların dəstəklənməsinə yönəldiləcək.

“OPEK Fondu Azərbaycanın ümumi prioritetləri real addımlara çevirməsinə dəstək göstərməkdən qürur duyur. Yeni öhdəlik bizim Ölkə üzrə Tərəfdaşlıq Çərçivə proqramımıza əsaslanır və təmiz enerji, su təchizatı, nəqliyyat və şəhərsalma kimi prioritet sahələrdə konkret nəticələrin əldə olunmasına yönəlib. Bu, Azərbaycanın dayanıqlı inkişaf baxışına olan inamımızı və real nəticələr verən maliyyələşdirmə və tərəfdaşlıq təmin etmək qətiyyətimizi əks etdirir”, – deyə Fondun prezidenti Əbdülhəmid əl-Xəlifə bildirib.

2025-ci ilin iyun ayında Vyanada OPEK Fondu ilə Azərbaycan hökuməti arasında “Azərbaycan 2030: sosial-iqtisadi inkişafın milli prioritetləri” strategiyasına uyğun olaraq investisiyaların konkret istiqamətlərini müəyyən edən Ölkə üzrə Tərəfdaşlıq Çərçivə proqramı (Country Partnership Framework – CPF) imzalanıb. Proqram enerji keçidi, su təchizatı və sanitariya, nəqliyyatın modernləşdirilməsi və şəhərlərin dayanıqlığının artırılması sahələrində birgə əməkdaşlıq prioritetlərini müəyyən edir.

OPEK Fondunun prezidenti Əbdülhəmid əl-Xəlifə Azərbaycana səfəri çərçivəsində ölkə rəhbərliyi ilə görüş keçirib və İqtisadiyyat Nazirliyi tərəfindən Bakıda təşkil olunan Ərəb Koordinasiya Qrupu (Arab Coordination Group – ACG) ilə Azərbaycan arasında keçirilən dəyirmi masada iştirak edib.

Bu gün OPEK Fondu nümayəndə heyətinin Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən həyata keçirilən və OPEK Fondunun 50 milyon ABŞ dolları məbləğində krediti ilə birgə maliyyələşdirilən Qobustan külək parkını ziyarət etməsi gözlənilir. Bu obyekt Azərbaycanın bərpa olunan enerji sahəsində ilk iri, müstəqil şəkildə həyata keçirilən investisiya layihəsi olan 240,5 MVt gücündə “Xızı–Abşeron” külək enerjisi layihəsinin tərkib hissəsidir. Stansiya istismara verildikdən sonra ildə təxminən 907 Qvt·saat təmiz elektrik enerjisi istehsal edəcək, 300 000-dən çox ev təsərrüfatını enerji ilə təmin edəcək və karbon emissiyalarını ildə təxminən 400 000 ton azaldacaq.

Bundan əlavə, OPEK Fondunun nümayəndə heyəti “Livable Baku” təşəbbüsünün həyata keçirilməsi üçün potensial əraziləri nəzərdən keçirəcək. Bu proqram şəhər mühitinin dayanıqlığının artırılması və ekoloji reabilitasiyasına, ictimai məkanların abadlaşdırılmasına, çirklənmiş ərazilərin bərpasına və ümumi ekoloji dayanıqlığın gücləndirilməsinə yönəlib.

Qeyd edək ki, OPEK Fondunun Azərbaycanla tərəfdaşlığı 2003-cü ildən başlayıb və kənd təsərrüfatı, energetika, infrastruktur və özəl sektorun inkişafı sahələrində layihələrin dəstəklənməsini əhatə edir.

OPEK Fondu – müstəsna olaraq üzv ölkələrdən toplanan vəsait hesabına OPEK-ə daxil olmayan ölkələrə maliyyə dəstəyi göstərən qlobal mandatlı yeganə beynəlxalq təşkilatdır. Qurum inkişaf etməkdə olan ölkələrlə və beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edərək, aşağı və orta gəlirli ölkələrdə iqtisadi artımı və sosial tərəqqini təşviq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti