Bakı. Trend:
Rusiyaya qarşı bir neçə yeni sanksiyaların tətbiqi ilə bağlı qərar verilib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukraynanın prezidenti Volodimir Zelenski öz “Telegram” kanalında bildirib.
O, Rusiya əleyhinə bir neçə yeni sanksiya qərarını imzaladığını bildirib.
“Bir neçə yeni sanksiya qərarını imzaladım. Tərəfdaş ölkələrin sanksiyalarının Ukrayna yurisdiksiyası çərçivəsində sinxronlaşdırılmasını davam etdiririk və bu gündən etibarən Rusiyaya qarşı bu müharibəyə görə Avropa İttifaqının 19-cu sanksiya paketi Ukraynada qüvvəyə minir.
Həmçinin Avropa İttifaqının sanksiyalarının Aİ-yə daxil olmayan digər Avropa ölkələrinin yurisdiksiyalarında da tətbiq edilməsi üzərində işləyirik. Bu, güclü bir paketdir”, - deyə Zelenski bildirib.
Onun sözlərinə görə, Kiyev həmçinin Arktika bölgəsində fəaliyyət göstərən Rusiya subyektlərinə qarşı da məhdudiyyətlər tətbiq edib. Dövlət başçısı əlavə edib ki, o, Təhlükəsizlik və Müdafiə Şurasına Rusiya təbliğatı və hərbi istehsal sahəsində fəaliyyət göstərən subyektlərə, eləcə də kollaborantlara qarşı yeni qərarların hazırlanması barədə tapşırıq verib.
