Bakı. Trend:
Elektron qaimə-fakturanı təqdim (tərtib) edilmə müddətləri ilə bağlı qaydalarda dəyişiklik edilir.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim (tərtib) etməlidir:
- işlərin görülməsi və xidmətlərin (beynəlxalq daşıma xidmətləri, habelə müntəzəm və daimi əsaslarda göstərilən xidmətlər istisna olmaqla) göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində
- beynəlxalq daşıma xidmətlərinin göstərilməsi üzrə – daşıma xidmətlərinin başlanıldığı vaxtadək
- müntəzəm və daimi əsaslarda göstərilən xidmətlər üzrə – hər təqvim ayı üçün xidmətlərin göstərilməsinə başlanıldığı vaxt.
Tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanın vahid forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək.
